Xaçmaz rayonunun kənd və qəsəbələrində elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər davam etdirilir. Tədbirlər planına əsasən, artıq Keymərəz kəndində dayaqlar dəyişdirilib, SİP kabellər çəkilib və güc transformatorları yenilənib.
"Report" xəbər verir ki, hazırda Xaçmaz şəhərinin Sabit Rəhman küçəsində və ətraf ərazilərdə, eləcə də Yeni Həyat qəsəbəsi, Gödəkli, Bayoba, Köhnə Xaçmaz, İdrisoba, Fərzəlioba və Niyazoba kəndlərində bu istiqamətdə tədbirlər görülür.
İşlər çərçivəsində köhnə dayaqlar yenilənir, izolyasiyalı SİP kabellər çəkilir və yeni güc transformatorları quraşdırılır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Şimal Regional Enerji Təchizat İdarəsinin rəisi Vüqar Kazımov Köhnə Xaçmaz və Niyazoba kəndlərində aparılan işlərin gedişi ilə yerindəcə maraqlanıblar.
Rayon rəhbəri iş icraçıları ilə görüşərək əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlərin vaxtında və yüksək səviyyədə yekunlaşdırılması üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, cari ilin sonunadək Şıxlar, Çaykənarı, Hacılar, Çaxmaqlı, Qaraçı, Əbilyataq, Nərəcan, Xanlıqoba və Xaspoladoba kəndlərində də elektrik təsərrüfatının yenidən qurulması işlərinin yekunlaşdırılması nəzərdə tutulur.
Görülən işlərdən razı qalan kənd sakinləri əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.