AZ

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 iyun, AZƏRTAC

Son illərdə qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, alternativ nəqliyyat dəhlizlərinə marağın sürətlə artdığı bir dövrdə Orta Dəhliz Avrasiya məkanının ən perspektivli tranzit xətlərindən birinə çevrilib. Asiya ilə Avropanı birləşdirən bu marşrutun səmərəliliyi və rəqabət qabiliyyəti isə birbaşa onun üzərində yerləşən infrastrukturun imkanlarından asılıdır. Məhz bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilərək istifadəyə verilməsi təkcə regional nəqliyyat layihəsi deyil, həm də Orta Dəhlizin gələcək inkişafını müəyyənləşdirən mühüm strateji addım kimi qiymətləndirilir.

İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində keçirilən tədbir bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsü və investisiyaları ilə həyata keçirilən layihələr regionun nəqliyyat xəritəsini dəyişməkdə davam edir. Bakı–Tbilisi–Qars xəttinin yükötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirir. Bu gün Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yük axınlarının artdığı şəraitdə BTQ xətti Orta Dəhlizin əsas dayaqlarından biri kimi ön plana çıxır.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökçe bildirib ki, qlobal ticarət marşrutlarında yaranan yeni çağırışlar alternativ nəqliyyat dəhlizlərinə tələbatı əhəmiyyətli dərəcədə artırıb. Bu şəraitdə Orta Dəhlizin genişləndirilməsi və infrastrukturunun müasirləşdirilməsi Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların təhlükəsiz və səmərəli həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilərək yenidən istifadəyə verilməsi Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika siyasətinin mühüm nəticələrindən biridir.

Onun sözlərinə görə, Asiya ilə Avropa arasında yükdaşımalarında alternativ marşrutlara ehtiyacın artması Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldib.

“Son illərdə Çin ilə Avropa arasında yükdaşımalarının həcminin artması, qlobal logistika marşrutlarının şaxələndirilməsi zərurəti və geosiyasi risklər fonunda Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə yüksəlib. Belə şəraitdə Bakı–Tbilisi–Qars xətti Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən ən mühüm nəqliyyat bağlantılarından biri kimi çıxış edir. Tokiodan Rotterdam limanına istiqamətlənən ticarət gəmilərinin Ümid burnu marşrutundan istifadə etməsi daşınma müddətini əhəmiyyətli dərəcədə uzatmaqla yanaşı, sığorta və nəqliyyat xərclərinin də artmasına səbəb olur. Bu baxımdan Orta Dəhlizin genişləndirilməsi və reabilitasiyası Şərq-Qərb marşrutu üzrə ehtiyac duyulan quru ticarət yolunun əhəmiyyətini daha da artıracaq. Bu dəhliz üzərində yerləşən Azərbaycan üçün yaranan imkanlar yalnız nəqliyyat və logistika sahəsi ilə məhdudlaşmır. Orta Dəhlizin inkişafı Azərbaycanın beynəlxalq ticarət və logistika mərkəzinə çevrilməsinə şərait yaratmaqla yanaşı, ölkənin siyasi mövqelərini də gücləndirəcək.

İqtisadiyyat, siyasət və diplomatiya bir-birindən ayrılmaz anlayışlardır. İqtisadi baxımdan güclü olan, eyni zamanda, mühüm beynəlxalq ticarət marşrutları üzərində yerləşən ölkələr regional siyasətdə daha təsirli mövqeyə malik olurlar”, - deyə professor bildirib.

Ali Fuat Gökçe qeyd edib ki, Azərbaycanın enerji, nəqliyyat və logistika imkanlarının genişlənməsi ölkənin regional və beynəlxalq qərarların qəbulunda rolunu daha da artırır.

“Orta Dəhlizin inkişafı nəticəsində Azərbaycan Cənubi Qafqazda yalnız proseslərdə iştirak edən tərəf deyil, həm də regional təşəbbüslərin formalaşdırılmasında aparıcı rol oynayan ölkəyə çevriləcək. Azərbaycanın geostrateji mövqeyi, həyata keçirdiyi nəqliyyat layihələri və beynəlxalq tərəfdaşlıq siyasəti ölkəni Avrasiya məkanının əsas əlaqələndirici mərkəzlərindən birinə çevirir. Orta Dəhlizin potensialının tam reallaşdırılması Azərbaycanın həm iqtisadi imkanlarını genişləndirəcək, həm də onun regional və qlobal siyasi çəkisini daha da artıracaq.

Müxbir – Səbinə Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr