AZ

Naftalanda sağlamlıq turizminin inkişafı diqqət mərkəzində saxlanılır

Azertag saytına istinadən ain.az xəbər verir.

Naftalan, 3 iyun, AZƏRTAC

Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalan şəhərində Sağlamlıq turizmi üzrə işçi qrupun növbəti iclası keçirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə sahə səfəri təşkil olunub. İştirakçılar Naftalan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, şəhərdə turistlərin məlumatlandırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat əldə ediblər.

Səfər çərçivəsində Naftalan neft quyularına infotur keçirilib, iştirakçılar unikal müalicəvi xüsusiyyətlərə malik Naftalan neftinin hasilatı prosesi ilə yerində tanış olublar.

Sonra Naftalan şəhərində fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə səfər edilib. İştirakçılara müəssisələrin fəaliyyəti, müalicə və reabilitasiya xidmətləri, SPA imkanları, eləcə də yerləşdirmə infrastrukturu barədə ətraflı məlumat təqdim olunub.

Daha sonra keçirilən iclasda sağlamlıq turizminin inkişafı istiqamətində aktual məsələlər müzakirə edilib.

Dövlət Turizm Agentliyinin məsul əməkdaşı Rüstəm Mehtizadə çıxış edərək bildirib ki, Naftalanın sağlamlıq turizmi potensialının inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu diqqətin bariz nümunələrindən biri də Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 28-də imzaladığı “Naftalan neftinin sağlamlıq turizmində rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdır.

İclas zamanı Naftalan şəhərində sağlamlıq turizminin mövcud vəziyyəti və perspektivləri, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti, xidmət keyfiyyətinin artırılması, insan resurslarının inkişafı və kadr hazırlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, eləcə də Naftalan şəhərində fəaliyyət göstərən hotel, sanatoriya və müalicə-sağlamlıq müəssisələrinin rəhbərləri sağlamlıq turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığı və gələcək əməkdaşlıq imkanları ilə bağlı təkliflərini səsləndiriblər.

Bununla yanaşı, təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən tibbi heyət üçün təlim proqramlarının təşkili və gələcək əməkdaşlıq istiqamətlərindən danışılıb.

Yekunda sağlamlıq turizminin inkişafı, insan resurslarının gücləndirilməsi və qurumlararası koordinasiyanın artırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Həmçinin proqrama uyğun olaraq Naftalanda yerləşən sanatoriya-kurort müəssislərində çalışan orta və üst səviyyəli menecerlər üçün “Uğurlu karyera və müştəri məmnuniyyəti” mövzusunda təlim təşkil olunub.

Müxbir - Elcan Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr