AZ

Türk ekspert: Azərbaycan enerji resurslarını geosiyasi gücə və inkişaf modelinə çevirə bilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycanın son 30 ildə həyata keçirdiyi enerji strategiyası yalnız enerji istehsalı və ixracı ilə məhdudlaşan uğur hekayəsi deyil. Bu, eyni zamanda, təbii sərvətlərin düzgün planlaşdırma, güclü dövlət baxışı və effektiv diplomatiya vasitəsilə dayanıqlı inkişaf alətinə necə çevrilə biləcəyini göstərən mühüm nümunələrdən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli ekspert Mehmet Emir Aksoy bildirib.

Onun sözlərinə görə, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan enerji siyasəti Prezident İlham Əliyevin dövründə daha da inkişaf etdirilərək Azərbaycanı regional enerji istehsalçısından qlobal enerji təhlükəsizliyinə töhfə verən strateji aktora çevirib.

“Bu gün Azərbaycanın enerji diplomatiyası yalnız iqtisadi gəlirlər formalaşdırmır, eyni zamanda, regional sabitliyi, beynəlxalq əməkdaşlığı və geosiyasi balansı dəstəkləyən mühüm amillərdən biri kimi çıxış edir. Azərbaycanın təcrübəsində diqqət çəkən əsas məqamlardan biri enerji gəlirlərinin infrastruktur layihələrinə, nəqliyyat sisteminin inkişafına, sənayeləşməyə, təhsilə və dövlət institutlarının gücləndirilməsinə yönəldilməsidir. Bir çox ölkələr təbii sərvətlərə malik ola bilər, lakin həmin resursları uzunmüddətli milli inkişaf strategiyasına çevirmək xüsusi bacarıq tələb edir. Azərbaycanın təcrübəsi bu baxımdan enerji ehtiyatlarına malik dövlətlər üçün öyrənilməsi vacib olan model kimi qiymətləndirilə bilər. Hazırda Azərbaycan yalnız neft və qaz ixracatçısı deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional bağlantılar sahəsində söz sahibi olan ölkələrdən biridir. Bu uğurun əldə edilməsində enerji diplomatiyasının rolu xüsusi əhəmiyyət daşıyır”.

Mehmet Emir Aksoy, həmçinin Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində formalaşmış strateji tərəfdaşlığın əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu əməkdaşlıq qardaşlıq münasibətlərinin strateji müttəfiqliyə çevrilməsinin ən uğurlu nümunələrindəndir.

“Bakı–Tbilisi–Ceyhan və TANAP kimi layihələr yalnız iki ölkəyə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verib. Müasir dövrdə enerji anlayışı artıq yalnız neft və təbii qazla məhdudlaşmır. Bərpaolunan enerji mənbələri, yaşıl keçid, elektrikötürmə xətləri və enerjisaxlama texnologiyaları yeni dövrün əsas istiqamətlərinə çevrilib. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni enerji sahələrinə genişlənməsi təbii və strateji zərurət kimi çıxış edir. TANAP modelinin gələcəkdə elektrik enerjisinin ötürülməsi sahəsinə tətbiqi Türk dünyasının enerji inteqrasiyası baxımından tarixi imkanlar yarada bilər. Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı ilə Türkiyənin Avropaya açılan enerji qapısı funksiyasının birləşməsi nəticəsində yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan güclü əməkdaşlıq modeli formalaşır”, - deyə o bildirib.

Mehmet Emir Aksoy vurğulayıb ki, Zəngəzur dəhlizinin tam gücü ilə fəaliyyətə başlaması enerji, nəqliyyat və ticarət marşrutlarının eyni strateji xətt üzrə birləşməsinə imkan verəcək: “Bu isə Türkiyə, Azərbaycan və bütövlükdə Türk dünyası arasında iqtisadi inteqrasiyanın daha da güclənməsinə xidmət edəcək. Qarşıdakı dövrdə enerji sahəsində əməkdaşlıq yalnız enerji resurslarının nəqli ilə məhdudlaşmayacaq, həmçinin texnologiya transferi, birgə investisiyalar, elektrik şəbəkələrinin inteqrasiyası və bərpaolunan enerji layihələri istiqamətində daha da dərinləşəcək. Bu proses Türk dünyasında iqtisadi həmrəyliyin möhkəmlənməsinə və regional sabitliyin güclənməsinə mühüm töhfə verəcək”.

Müxbir - Səbinə Əlizadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
azertag.az

2Mənbələr