AZ

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir

Balakən, 3 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də kənd təsərrüfatı məsələlərinə dair keçirilən müşavirə bir çox aktual məqamları ilə fermer və sahibkarlar tərəfindən geniş müzakirə olunmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədən sonra aqrar sektorun inkişafına dair yeni Dövlət Proqramının qəbul edilməsi istehsalçıların fəaliyyətində yeni mərhələnin əsasını qoyub. Sənəddə nəzərdə tutulan tədbirlər şimal-qərb bölgəsinin, xüsusilə Balakən rayonunun aqrar potensialının və istehsal imkanlarının daha da genişləndirilməsinə mühüm töhfələr verəcək.

Balakən rayonu keçmişdə olduğu kimi, bu gün də aqrar sektorun bir çox sahələri üzrə özünün inkişaf dövrünü yaşayır. Rayonda ənənəvi sahələr olan taxılçılıq, maldarlıq, qarğıdalı əkini, tütünçülük və baramaçılıqla yanaşı, son illər meyvəçilik sektoruna da maraq xeyli artıb. Yerli fermerlər bu sahədə qabaqcıl təcrübəni artıq yetərincə mənimsəyiblər. İstər aran ərazilərdə, istərsə də dağətəyi yaşayış məntəqələrində yeni meyvə bağları salınır və yüksək səviyyədə aqrotexniki qulluq göstərilir.

Məlumdur ki, meyvəçiliyin əsasını sağlam tingçilik təşkil edir. Bu məqsədlə rayonun Qabaqçöl qəsəbəsi ərazisində yerləşən tingçilik təsərrüfatlarından birinə baş çəkdik. Hazırda burada alaq otlarının təmizlənməsi və intensiv suvarma xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir.

Tingçilik sahəsində 20 illik təcrübəyə malik olan, bir çox xarici ölkələrdə bu sahəni yerində öyrənən Məhəmməd Bazarov bölgədəki mütəxəssislərdən biridir. “Tərəqqi” medallı fermer həm də ölkəmizdə ting yetişdirərək xaricə ixrac edən ilk sahibkarlardandır.

Məhəmməd Bazarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən son müşavirədə meyvəçiliyin inkişafına dair verilən tapşırıqların onlar üçün yeni üfüqlər açdığını bildirib. Fermer vurğulayıb ki, Prezidentin özəl sektorda çalışan sahibkarlara fəaliyyətlərini genişləndirmək üçün lazımi dəstəyin veriləcəyini bildirməsi hər bir aqrar sahə təmsilçisini ruhlandırır.

Aqrar sahədə su itkilərinin qarşısının alınması məsələsinə toxunan fermer, artıq uzun illərdir onun təsərrüfatında damlama suvarma sistemindən istifadə olunduğunu və su itkisinə yol verilmədiyini diqqətə çatdırıb.

Təsərrüfatda alma, armud, şaftalı, gavalı, gilas, xurma və fındıq olmaqla, ümumilikdə, 20-yə yaxın meyvə növünün tingi yetişdirilir. Fermer bildirib ki, mövsüm ərzində 100 mindən artıq ting satışı həyata keçirilib, lakin əsas hədəf bu göstəricini 500 minə çatdırmaqdır. O, qəbul olunmuş yeni Dövlət Proqramında bu istiqamətdə geniş imkanların açıldığını vurğulayıb.

Məhəmməd Bazarovun sözlərinə görə, yetişdirdikləri məhsulların xarici bazarlara çıxarılması sahəsində zəngin təcrübələri var. Əvvəlki illərdə Rusiyaya və Qazaxıstana ting ixrac edərək bu sahədə ilkə imza atan təsərrüfat sahibi, qarşıdakı illərdə hədəflərinin illik 500 min ədəd ting istehsalı və onun böyük hissəsinin ixracı olduğunu qeyd edib.

Rayonun Katex kəndi ərazisində intensiv bağçılıqla məşğul olan digər fermer Akif Rəhimov isə bildirib ki, qəbul edilən 2026–2030-cu illər üçün Dövlət Proqramında əsas diqqət ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib. Müşavirədə daxili istehsalın artırılması, su ehtiyatlarından səmərəli istifadə və innovativ texnologiyaların tətbiqi ilə bağlı çox ciddi məsələlər qaldırılıb. Fermer bu strateji istiqamətlərin onların fəaliyyətində prioritet təşkil etdiyini və yeni layihələrin icrasına zəmin yaratdığını deyib.

Akif Rəhimovun təsərrüfatı Katex kəndinin dağətəyi ərazisində yerləşir. Burada 48 hektar sahədə 10-a yaxın meyvə növü yetişdirən fermer, bu il daha 4 hektarda intensiv bağ salaraq təsərrüfatını genişləndirib. O, ötən il meyvə bağlarından 1000 tona yaxın məhsul əldə etdiklərini, toplanan meyvələri xüsusi soyuducu anbarlarda saxlayaraq xarici bazarlara çıxardıqlarını qeyd edib. A.Rəhimov təbiətin şıltaqlığına, yağan leysan yağışlarına baxmayaraq, bağlara vaxtında aqrotexniki qulluq göstərildiyini və bu səbəbdən cari mövsümdə də bol məhsul gözlədiklərini vurğulayıb.

Balakən rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elvin Səmədov isə qeyd edib ki, yeni Dövlət Proqramının müddəaları yerlərdə fermerlərlə birgə geniş müzakirə olunur. Həm müşavirədə, həm də sənəddə meyvəçiliyin inkişafı və istehsalda idxaldan asılılığın azaldılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub.

Bu strateji xətt ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Balakəndə taxıl, tütün, qarğıdalı sahələri genişləndirilir, ipəkqurdu yetişdirilməsi üçün lazımi şərait yaradılır, maldarlığın inkişafı dəstəklənir, tingçilik və xüsusilə intensiv bağçılığın artırılması istiqamətində sistemli işlər aparılır. Burada, ilk növbədə, sudan səmərəli istifadə qaydalarına ciddi riayət olunur. Eyni zamanda, yerli sakinlər mövsümü işlərə cəlb edilirlər ki, bu da regional məşğulluğun təmin olunmasında vacib amildir.

Balakən DAİM-in nümayəndəsi əlavə edib ki, sakinlərin intensiv bağçılığa marağı ildən-ilə artdığı üçün onlar mütəmadi olaraq maarifləndirici tədbirlərə və təcrübə mübadiləsi proqramlarına dəvət olunurlar. Həmçinin payız aylarında rayon ərazisindəki köhnə, səmərəsiz bağların təmizlənərək yerində ilkin mərhələdə 12 hektar yeni intensiv meyvə bağının salınması nəzərdə tutulub.

Müxbir - Rasim İslamoğlu

Seçilən
5
1
azertag.az

2Mənbələr