AZ

İnflyasiya və Qiymət Səs-küyünün İqtisadi Anatomiyası- ÖZƏL

İctimaiyyətdə geniş yayılmış fikirlərdən biri odur ki, hər hansı məhsulun və ya xidmətin qiyməti artdıqda bu, dərhal inflyasiya kimi qiymətləndirilir. Benzin bahalaşırsa - inflyasiya, ərzaq məhsullarının qiyməti yüksəlirsə - inflyasiya, kommunal xidmətlərin tarifləri artırsa - yenə inflyasiya. Halbuki iqtisadi nəzəriyyə və beynəlxalq təcrübə göstərir ki, qiymət artımı ilə inflyasiya eyni anlayışlar deyil.
Son dövrlərdə ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Uorş bu məsələyə diqqət çəkərək maraqlı bir yanaşma irəli sürmüşdür. Onun fikrincə, geosiyasi qarşıdurmalar, pandemiyalar, təbii fəlakətlər, nəqliyyat marşrutlarının bağlanması və ya qlobal təchizat zəncirlərinin pozulması nəticəsində yaranan qiymət artımları əslində inflyasiya deyil. Bu, bazarda tələb və təklif arasındakı nisbətin dəyişməsindən irəli gələn təbii qiymət reaksiyasıdır.
Kevin Uorş - ABŞ Federal Ehtiyat Sisteminin sədri, tanınmış monetar iqtisadçı və mərkəzi bankların inflyasiya siyasətinə dair qeyri-ənənəvi baxışları ilə seçilən iqtisadçılardan biridir.
Uorş bu prosesi "qiymət səs-küyü" (price noise) adlandırır. Yəni söhbət iqtisadiyyatda bütün qiymətlərin davamlı və genişmiqyaslı artımından deyil, müəyyən məhsul və ya xidmətlərin qiymətlərində baş verən müvəqqəti dəyişikliklərdən gedir. Əsl inflyasiya isə iqtisadiyyatda ümumi qiymət səviyyəsinin davamlı yüksəlməsi və pulun alıcılıq qabiliyyətinin azalması deməkdir.
Uorşun mövqeyinə görə, hər bir qiymət artımını inflyasiya kimi qiymətləndirmək düzgün deyil. Məsələn, Hörmüz boğazında gərginlik yaranarsa və neft daşımaları məhdudlaşarsa, dünya bazarında neftin qiyməti yüksələcək. Bunun nəticəsində benzin və dizel yanacağının qiymətlərində də artım müşahidə olunacaq. Bu halda qiymət artımının səbəbi pulun dəyərinin azalması deyil, məhsulun təklifinin azalmasıdır. Başqa sözlə, bazar iştirakçıları məhdud resursa daha yüksək qiymət təklif etməyə məcbur olurlar.
İqtisadiyyat elmində buna "təklif şoku" deyilir. Təklif şokları müəyyən məhsulların qiymətini yüksəldə bilər, lakin bu, bütün iqtisadiyyatda qiymət səviyyəsinin davamlı artması demək deyil. Əsl inflyasiya isə pul kütləsinin həddindən artıq artması, məcmu tələbin istehsal imkanlarını üstələməsi və nəticədə qiymətlərin ümumi səviyyəsinin davamlı şəkildə yüksəlməsi ilə xarakterizə olunur.
Kevin Uorş bu cür qiymət dəyişikliklərini "qiymət səs-küyü" adlandırır. Onun fikrincə, siyasətçilər və mərkəzi banklar bazarın ötürdüyü siqnallarla inflyasiya proseslərini qarışdırmamalıdırlar. Əks halda, müvəqqəti qiymət artımlarına qarşı sərt pul-kredit tədbirləri tətbiq oluna bilər ki, bu da iqtisadi artımı zəiflədə və investisiya fəallığını azalda bilər.
Müasir dünyada qlobal iqtisadiyyat getdikcə daha çox geosiyasi risklərdən, logistika problemlərindən və enerji bazarlarındakı qeyri-müəyyənliklərdən asılı vəziyyətə düşür. Belə bir şəraitdə qiymətlərin hansı səbəbdən artdığını düzgün müəyyənləşdirmək xüsusi əhəmiyyət kəsb edir. Çünki iqtisadi siyasətin uğuru problemin düzgün diaqnozundan başlayır.
Qiymət artımının görünən tərəfi istehlakçının daha çox pul ödəməsidir. Görünməyən tərəfi isə həmin artımın arxasında duran iqtisadi səbəblərdir. Məhz bu səbəbləri düzgün anlamaq həm iqtisadçılar, həm siyasətçilər, həm də cəmiyyət üçün vacibdir. 
Bu yanaşma mərkəzi bankların siyasəti baxımından da əhəmiyyətlidir. Əgər hər bir qiymət artımı inflyasiya kimi qəbul edilərsə, faiz dərəcələrinin əsassız şəkildə artırılması iqtisadi artıma mənfi təsir göstərə bilər. Buna görə də iqtisadçılar inflyasiyanın əsas (core inflation) göstəricilərinə diqqət yetirərək, müvəqqəti xarici şoklarla uzunmüddətli inflyasiya proseslərini bir-birindən ayırmağa çalışırlar.

Zahid Məmmədov 

İqtisadi alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr