Ermənistandakı ölkədaxili siyasi proseslərə Azərbaycanın regional geopolitik mövqeyinin birbaşa təsir göstərdiyi artıq inkaredilməz reallıqdır... Bu baxımdan, Ermənistanda növbəti hakimiyyətin formalaşmasında məhz Azərbaycanın həlledici faktor rolunu oynadığını da iddia etmək mümkündür...
Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyi tarix sürətlə yaxınlaşır. Artıq bir neçə gündən sonra erməni seçicilər yalnız Ermənistanın yeni hakimiyyətini deyil, həm də bu ölkənin gələcək taleyinin hansı istiqamətə yönələ biləcəyini böyük ölçüdə müəyyən etməli olacaqlar. Paşinyan hakimiyyətinin qalib gələcəyi təqdirdə, Ermənistanın xarici siyasətində Qərbə yaxınlaşma kursunun eynilə davam etdiriləcəyi elə bir ciddi şübhə doğurmur. Ancaq Rusiyanın agentura şəbəkəsinə daxil olan radikal-revanşist düşərgənin seçki qələbəsi isə Ermənistanı yenidən Kremlin “qaranlıq tunel”inə qaytarmış olacaq. Və böyük ehtimalla Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma istiqamətində indiyə qədər əldə etdiyi nəticələrin üzərindən xətt çəkiləcək, Ermənistan yenidən Kremldən idarə olunan Rusiyanın qeyri-rəsmi quberniyasına çevriləcək.
Onu da qeyd etmək lazımdır ki, seçkilər yaxınlaşdıqca, Ermənistanın siyasət məkanında qarşıdurma mühiti də dərinləşir. Rəqib siyasi düşərgələrin qarşılıqlı ittihamları daha aqressiv məzmun daşıyır, təhdidkar ritorika ön plana keçir. Üstəlik, hər iki tərəf Ermənistan üçün xarici siyasət prioritetlərini müəyyən çərçivə içərisində erməni seçicilərə təlqin etməyə çalışırlar. Paşinyan hakimiyyəti Ermənistanın Rusiyadan uzaqlaşaraq, Qərbə yaxınlaşma siyasətinin alternativsiz olduğunu birmənalı şəkildə vurğulayır. Və Ermənistan üçün Rusiya ilə bağlı bütün variantların dövlət müstəqilliyinin məhdudlaşmasına, hətta suverenliyin tamamilə itirilməsinə səbəb olacağını qabardır.
Eyni zamanda, Paşinyan hakimiyyəti Ermənistan üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının da taleyüklü proses olduğunu vurğulayır. Baş nazir Nikol Paşinyan açıq mətnlə bəyan edir ki, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri Ermənistanı regional blokadadan çıxara, ölkənin inkişaf perspektivlərinin önünü aça bilər. Onun fikrincə, bu məsələ həm də Ermənistanın Qərbə yaxınlaşma prosesinin uğur qazanması üçün də vazkeçilməz xarakter daşıyır.
Ancaq qarşı tərəf – radikal-revanşist düşərgə Ermənistanın mövcudluğunun məhz Rusiyanın himayəsindən asılı olduğunu arqumentləşdirməyə çalışır. Bu məqsədləsə, hələ də vaxtilə dövlət siyasətinə çevrilmiş köhnə və uydurma tezislərdən istifadə olunur. Xüsusilə də, bu düşərgə Paşinyan hakimiyyətini Azərbaycana davamlı güzəştlər etməkdə, rəsmi Bakının təlimatlarını yerinə yetirməkdə suçlayır. Ona görə də, müəyyən mənada, Ermənistandakı parlament seçkilərində Azərbaycan faktoru güclü təsirə malikdir. Və bu, onu göstərir ki, Azərbaycanın Ermənistanın siyasət məkanında birbaşa, yaxıd dolayısı ilə iştirakı inkaredilməz reallıqdır.
Halbuki, Azərbaycandakı seçkilərdə, eləcə də, hər hansı siyasi prosesdə Ermənistan faktoru heç vaxt rol oynamayıb. Ancaq Ermənistandakı seçki kampaniyasında həm Azərbaycanın geopolitik mövqeyi, həm də Prezident İlham Əliyevin mesajları böyük rezonans doğurmaqla yanaşı, bu ölkənin ümumi siyasi gündəmini də müəyyən edir. Bu, Azərbaycanın Cənubi Qafqazda sürətlə artan nüfuzu, eləcə də, regionda şəriksiz siyasi-iradə sahibi olması ilə birbaşa bağlıdır. Ona görə də, seçkilərdə iştirak edən əksər deputatlığa namizədlərin çıxışlarında Ermənistandan daha çox, məhz Azərbaycan haqda danışılır. Rəqiblərin bütün təbliğat kampaniyaları Azərbaycanla münasibətlər üzərində qurulur və qarşılıqlı ittihamlar da Azərbaycanla bağlı məzmun daşıyır. Və bu baxımdan, Azərbaycan faktoru bu seçkilərdə Ermənistan faktorundan daha ön planda görünür.
Bu reallıq hətta Ermənistandakı siyasi prosesləri müşahidə edən xarici ölkə ekspertləri tərəfindən də birmənalı şəkildə etiraf olunur. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinə bağlı qurumun eksperti Sergey Markedonov bu vəziyyəti Ermənistanın bir sıra həssas hərbi-siyasi məğlubiyyətlərindən sonra rəsmi İrəvanın Azərbaycanın qarşısında aciz duruma düşməsi ilə izah edir. Onun fikrincə, vaxtilə Ermənistan və Azərbaycan etnosiyasi münaqişənin həlli ilə bağlı danışıqlarda bərabər tərəfdaşlar kimi çıxış edirdilər. Ancaq indi Azərbaycan faktiki olaraq, Cənubi Qafqazda oyun qaydalarını müəyyənləşdirir və rəsmi Bakı Ermənistana öz şərtlərini diktə edir.
Maraqlıdır ki, İtaliya mətbuatında isə Ermənistanın 2023-cü ildə “Dağlıq Qarabağ”ın itirilməsindən sonra rəsmi İrəvanın hərbi təhlükəsizlik baxımından, qarantorsuz qaldığı vurğulanır. Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) artıq faktiki olaraq, fəaliyyət göstərmədiyi, ancaq NATO-nun da rəsmi İrəvana müdafiə zəmanəti vermədiyi qabardılır. Avropa Birliyinin “mülki müşahidə missiyası”nın isə regionda hərbi çəkindirmə deyil, yalnız monitorinq aparma funksiyasını yerinə yetirdiyi qeyd olunur. İtaliya analitikləri hesab edirlər ki, əgər, rəsmi Bakı radikal addımlara qərar verərsə, Avropa Birliyinin buna müdaxilə etmək üçün heç bir hərbi alətləri olmayacaq.
Digər tərəfdən, Rumıniyanın “Cotidianul” nəşri Ermənistanda seçkilər ərəfəsində ölkədaxili siyasi vəziyyətin məhz hərbi məğlubiyyətin mövcud nəticələri səbəbindən Azərbaycanla sıx bağlı olduğu qənaətindədir. Nəşr qeyd edib ki, ABŞ-da çərçivə razılaşmasına nail olunsa da, Azərbaycan və Ermənistan arasında hələlik tamhüquqlu sülh sazişi imzalanmayıb. Çünki rəsmi Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsini və oradakı Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların ləğvini tələb edir.
Ona görə də, Rumıniya nəşri Ermənistandakı Rusiyayönlü müxalifətin Paşinyan hakimiyyətini Azərbaycana həddindən artıq güzəştlər etməkdə, eləcə də, guya ölkəyə azərbaycanlıların köçürülməsi planının mövcudluğunda suçladığını vurğulayır. Eyni zamanda, sosial şəbəkələrdə dezinformasiyaların və baş nazir Nikol Paşinyanın Azərbaycan qarşısında aciz duruma düşdüyünü göstərən, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərin yayıldığını xatırladır. Və bu, həm də onu göstərir ki, Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində baş verənlər xarici ölkələrdəki müşahidəçilər tərəfindən kifayət qədər dəqiqliklə qiymətləndirilir.
Göründüyü kimi, Ermənistandakı seçki prosesinə Azərbaycan faktorunun birbaşa təsiri hətta regiondan kənar ölkələrin ekspertləri tərəfindən də müşahidə olunaraq, qeyd edilir. Bu, o deməkdir ki, Ermənistanın siyasi gündəmi məhz Azərbaycan tərəfindən müəyyən olunur. Və hətta bunun seçkilərin nəticələrinə birbaşa təsirini də nəzərə aldıqda, Ermənistanın növbəti hakimiyyətinin formalaşmasında məhz Azərbaycanın həlledici faktor rolunu oynadığını da iddia etmək mümkündür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
