Bir neçə gündür hamı bu ifadan danışır, bir neçə gündür sosial media platformalarında onun videosu dolaşır…
Publika.az xəbər verir ki, söhbət İctimai TV-də yayımlanan “Maska” şou layihəsinin final çıxışlarından gedir. Konkret olaraq, “Qırat” maskası altında keçmiş Avroviziya təmsilçimiz İlkin Dövlətovun “Dilbərim” ifasından.
Əvvəlcə qeyd edim ki, İlkin Dövlətov onsuz da son illər səsi ilə seçilən gənc müğənnilərdəndir. Sözügedən mahnıya yeni ruh qatması ilə böyük bir nəslin gənclik və ya uşaqlıq illərini yada saldı desək, yəqin yanılmarıq.
1990-cı və 2000-ci illərin əvvəllərində televiziyada və radiolarda tez-tez səslənən bu ifa, azərbaycanlılar üçün həm də o dövrün saf, səmimi ab-havasını, ailəvi ekran qarşısında keçən xoş anları xatırladır. Yəqin əksəriyyət bu mahnını daha çox Nazpəri Dostəliyevanın təqdimatında eşidib.
Amma “Dilbərim”in tarixi uzaq illərə dayanır. Bir az da bu haqda danışaq.
Əsərin musiqisi əslində Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinskiyə (İsfəndiyar Cavanşirov) məxsusdur.
O, bu mahnını 1930-cu ildə ərsəyə gətirib və əsl adı “Dilbərim” və ya “Bağda sarmaşıq” olub.
Mahnının yaranma tarixi ilə bağlı çox maraqlı bir hekayə var:
Xan Şuşinski Füzulidə bir toy məclisində olarkən, bir gənc ona yaxınlaşır. O, Şuşadan Füzuliyə gələn Dilbər adlı qıza aşiq imiş. Xan əmidən xahiş edir ki, sevdiyi qıza hisslərini çatdırması üçün mahnı bəstələsin. Xan Şuşinski gəncdən qızın xarici görünüşünü təsvir etməsini istəyir. Gəncin dediyi nişanələr və xalq bayatıları əsasında Xan əmi elə oradaca mahnının həm sözlərini, həm də musiqisini bəstələyir.
Mahnı 1940-1950-ci illərdə qramafon vallarına yazılaraq o qədər populyarlaşır və xalq tərəfindən o qədər mənimsənilir ki, sonradan müəllifliyi unudularaq yaddaşlarda xalq mahnısı kimi qalır. Lakin qızıl fondda və rəsmi arxivlərdə onun müəllifinin məhz Xan Şuşinski olduğu təsdiqini tapıb.
Xan Şuşinski özü bu mahnını rəsmi olaraq ilk dəfə 1952-ci ildə Azərbaycan Radiosunun fondu üçün “Bağda sarmaşıq” adı ilə lentə aldırıb.
Mahnı ilk orijinal variantında “Bağda sarmaşıq olar, yar yara aşıq olar…” misraları ilə başlasa da, sonradan fərqli sənətkarların ifasında nəqarət hissəsi daha çox qabardılıb. İfada xüsusi bir dinamika yaradan “Dilbərim, dilbərim, gəl, gəl, ahu balası” müraciəti ön plana çıxdığı üçün mahnı zamanla xalq arasında elə “Dilbərim” adı ilə məşhurlaşıb.
“Dilbərim”lə bağlı ən maraqlı detallardan biri plagiat cəhdləridir.
Erməni iddiaları: 1990-cı illərin sonlarında erməni müğənnisi Hovhannes Badalian mahnını erməni dilində oxuyaraq onu beynəlxalq arenaya “erməni xalq mahnısı” kimi sırımağa çalışıb.
“Yunanıstan variantı”: 1996-cı ildə yunan ifaçısı Makis Xristodoulopoulos melodiyanı yunan dilində (“Aharisti”) ifa edərək yunan estradasına daxil edib.
“Kürd versiyası”: Türkiyəli müğənni İbrahim Tatlısəs özünün ən çox satan albomlarından olan “Aramam” (2004) diskində bu melodiyanı “Rındamın” adı ilə kürd dilində səsləndirib. Hətta bəzi canlı konsert proqramlarında əsərin anonim kürd xalq musiqisi olduğunu iddia edib. Bu addım hər dəfə Azərbaycan ictimaiyyətinin, Mədəniyyət Nazirliyinin və Xan Şuşinskinin ailəsinin kəskin və haqlı etirazı ilə qarşılanıb.
“Dilbərim”lə bağlı daha da dərinə varmaq olar, amma əsas odur ki, bu mahnı bizdəndir, bu mahnı Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin bir parçasıdır.(Globalinfo.az)