Bakı, 3 iyun, AZƏRTAC
Bərpaolunan enerji layihələri adətən 20-30 illik uzunmüddətli investisiyalardır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən “Bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası: çağırışlar və həllər” adlı sessiyada çıxışı zamanı “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov deyib.
“Bu müddət ərzində dövlət investorun sərmayəsinin geri qaytarılmasına, həmçinin layihə çərçivəsində istehsal olunan bütün elektrik enerjisinin alınmasına zəmanət verir. Bu isə investorlar üçün sabitlik, proqnozlaşdırıla bilən gəlir və uzunmüddətli etimad mühiti formalaşdırır”, - deyə o qeyd edib.
Murad Sadıqov bildirib ki, dünyanın istənilən ölkəsində hər hansı investisiya layihəsinin uğurla həyata keçirilməsi üçün bir neçə mühüm amilin vəhdəti tələb olunur: “İlk növbədə, sabit iqtisadiyyat, əlverişli bazar şəraiti, şəffaf və aydın tənzimləyici-hüquqi çərçivə, güclü institusional potensial və nəhayət, maliyyə resurslarına çıxış imkanları mövcud olmalıdır. Məhz Azərbaycan son illər ərzində bu amillərin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edib. Ölkəmiz bərpaolunan enerji sektoruna investisiyaların cəlb edilməsi məqsədilə tənzimləyici-hüquqi bazada ciddi islahatlar həyata keçirib”.