Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, nazirliyin Hüquq və icra intizamı şöbəsinin sektor müdiri Cavad Ağayev insan hüquqları anlayışı, bu hüquqların tarixi inkişaf mərhələləri, insan hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş əsas beynəlxalq sənədlər barədə ətraflı məlumat verib.
Bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il 18 iyun tarixi ölkəmizdə İnsan hüquqları günü kimi qeyd edilir.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub.
Azərbaycan Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi müəyyən edir.
Tədbirdə aqrar sahədə insan hüquqlarının təmin olunmasının əhəmiyyətinə toxunulub.
Qeyd edilib ki, fermerlərin və kənd təsərrüfatı sahəsində çalışan şəxslərin əmək, mülkiyyət, sosial müdafiə və təhlükəsiz əmək şəraiti hüquqlarının qorunması aqrar sektorun dayanıqlı inkişafının vacib şərtlərindən biridir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həm əməkdaşların, həm də fermerlərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına xüsusi önəm verilir. Hazırda ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olur. Bu baxımdan fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur. Aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsini təmin etmək üçün mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir, görüşlər təşkil olunur.