AZ

FFAA sədri: Orta Dəhliz beynəlxalq ticarətdə strateji əhəmiyyət daşıyır

Bakıda keçirilən Translogistika Xəzər Forumu nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platformadır. Bunu forumda çıxış edən Azərbaycan Ekspeditorlar Assosiasiyasının (FFAA) sədri Kamran Həbibov deyib.


Onun sözlərinə görə, müasir dünyada logistika artıq yalnız yük daşımalarından ibarət deyil və beynəlxalq ticarətin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib.


“Bu gün məhsulların vaxtında çatdırılması, şirkətlərin rəqabət qabiliyyəti və bazarlara çıxış imkanları birbaşa logistika sistemlərinin səmərəliliyindən asılıdır. Son illərdə dünyada baş verən dəyişikliklər göstərir ki, etibarlı və dayanıqlı nəqliyyat marşrutlarının rolu daha da artıb”, -  Kamran Həbibov bildirib.


FFAA sədri qeyd edib ki, bu baxımdan Orta Dəhliz beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan onun əsas iştirakçılarından biridir.


Onun sözlərinə görə, ölkədə dəmir yolu infrastrukturunun inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və yaradılan yeni logistika mərkəzləri Azərbaycanın tranzit və logistika potensialını əhəmiyyətli dərəcədə gücləndirib.


Kamran Həbibov bildirib ki, Translogistika Xəzər Forumu dövlət qurumlarını, beynəlxalq təşkilatları, biznes nümayəndələrini və ekspertləri bir araya gətirərək sektorun gələcək inkişafı üçün vacib müzakirə platforması yaradır.

Gülnar Nazimqızı 

Seçilən
11
1
anews.az

2Mənbələr