AZ

WUF13 Azərbaycanın uğurlu iqtisadi inkişafını beynəlxalq aləmə təqdim etdi

Müasir şəhərsalma işinin əsas prioritetləri məxsusi olaraq insanların həyat keyfiyyətinin yüksəldilməsinə, ekoloji davamlılığa, inklüzivliyə və iqtisadi səmərəliliyə xidmət edir. Bu işin ictimai önəmi də, siyasi istiqaməti də məhz insan amilinə əsaslanır. Mövzunun mahiyyətini tam açmaq, insan resurslarını ictimai örnəklər kimi təqdim etmək məqsədilə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının növbəti ünvanı isə Bakı oldu.

Bakının yenə diqqət mərkəzində olduğunu qeyd edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə ƏLİYEVA qəzetimizə açıqlamasında dedi ki, Ümumdünya Şəhərsalma Forumu dünya miqyasında böyük maraq və diqqətlə qarşılandı. Forumda 176 ölkədən 58 mindən artıq insanın iştirakı tədbirin yüksək beynəlxalq nüfuzunu və Azərbaycanın qlobal platformalarda getdikcə artan rolunu aydın şəkildə nümayiş etdirdi. "Nəzərə alaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29-dan sonra ölkəmizin evsahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir. Bununla Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi çəkisi bir qədər aydın göründü və bütün bu uğurların əsasında dövlətimizin iqtisadi inkişafı dayanır. Bu həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır", - deyə o bildirib.

Ekspert bildirdi ki, Prezident İlham Əliyev forumda çıxışında dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkdi, müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 

K.Əliyeva qeyd etdi ki, Azərbaycan coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşir: "Prezident İlham Əliyev də çıxışında bu prosesin böyük önəm kəsb etdiyini xüsusi vurğuladı və fikrini belə açıqladı: "Bu unikal xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində aydın şəkildə öz əksini tapır. Bakının timsalında qədimliklə müasirliyin harmonik vəhdəti açıq şəkildə müşahidə olunur. İçərişəhər kimi qədim memarlıq məkanları ilə müasir urbanizasiya layihələrinin yanaşı mövcudluğu Azərbaycanın tarixi irsə həssas və məsuliyyətli münasibətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi isə paytaxtın müasir inkişaf modelinin və uğurlu şəhərsalma siyasətinin simvoluna çevrilib. Qədim Azərbaycan memarlığı yalnız estetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Lahıc kəndində yüz illər əvvəl yaradılmış kanalizasiya və su sistemlərinin bu gün də işlək vəziyyətdə olması əcdadlarımızın yüksək mühəndislik təfəkkürünün, texniki biliklərinin və uzaqgörən şəhərsalma mədəniyyətinin nadir nümunəsidir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə malik olduğunu bir daha təsdiqləyir". Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilib. Elə əvvəlki illərdə - Ümummilli Lider Heydər Əliyevin də başlatdığı qlobal proqramların hamısı məhz bu prosesə yönəldilmişdi. O dövrdə də dahi rəhbərin həyata keçirdiyi bütün layihələr insanların rifahının yüksəldilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün sağlam urbanizasiya mühitinin yaradılmasına xidmət edirdi".

Kafedra müdiri bildirdi ki, Bakıdakı sessiyada WUF13-ün əsas müzakirə istiqamətləri mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdehlik, daha inklüziv və iqlimədavamlı şəhər və icmalar yaratmaq cəhdləri, mənzil təminatının əsas prioritet kimi ön plana çəkilməsi, şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək, yeni şəhərsalma gündəliyinə töhfə vermək oldu. Bu istiqamətlərin hamısı 17-22 may tarixlərində Bakıda keçirilən sessiyada hər kəsin diqqətinə çatdırıldı.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
56
azerbaijan-news.az

1Mənbələr