"Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında tutduğu mövqenin növbəti dəfə nümayiş olunduğu mühüm platformadır. Bu tədbir enerji sahəsində tərəfdaşlığın genişlənməsinə, yeni layihələrin müzakirəsinə və qarşılıqlı əməkdaşlığın güclənməsinə imkan yaradır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir:
"Ölkəmizin həyata keçirdiyi layihələr regionda və Avropada enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycanın enerji sahəsində qazandığı etimad uğurlu siyasətin və ardıcıl fəaliyyətin nəticəsidir.
Hazırda ən vacib məsələlərdən biri bərpa olunan enerji mənbələrinin inkişafıdır. Bu istiqamətdə həyata keçirilən layihələr həm enerji imkanlarının genişlənməsinə, həm də yeni investisiyaların cəlb edilməsinə xidmət edir. Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi təşəbbüslər ölkənin gələcək inkişaf məqsədlərinə uyğundur.
Bakı Enerji Həftəsi bir daha təsdiq edir ki, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş olaraq qalır. Ölkəmizin bu sahədə qazandığı uğurlar yeni əməkdaşlıq imkanları yaradır və beynəlxalq əhəmiyyətini daha da artırır".
Vüsalə İbrahimli