AZ

Bakıda İCSEGT 2026 Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb 

Bakıda Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə 3-cü “Ağıllı Ətraf Mühit və Yaşıl Texnologiyalar 2026” – İCSEGT 2026 Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. Konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və akademik mütəxəssisləri bir araya gətirib.Konfransın açılış mərasimində çıxış edən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bildirib ki, belə tədbirlər Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq sahəsində rolunun güclənməsinə xidmət edir. O qeyd edib ki, ölkə Prezidentinin müəyyən etdiyi inkişaf prioritetləri elmi müstəvidə geniş müzakirə olunur və beynəlxalq elmi ictimaiyyətə çatdırılır.Rektor vurğulayıb ki, elm cəmiyyətin inkişafında mühüm rol oynayır və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi xüsusi əhəmiyyət daşıyır. O, Kanada, Polşa və digər ölkələrdən alimlərin iştirak etdiyi konfransın artıq üçüncü dəfə keçirildiyini və qısa müddətdə nüfuzlu beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb. Əhməd Vəliyev əlavə edib ki, ağıllı ətraf mühit və yaşıl texnologiyalar sahəsində aparılan müzakirələr davamlı inkişaf məqsədlərinə nail olunmasına mühüm töhfə verir.Daha sonra çıxış edən Odlar Yurdu Universitetinin prorektoru Fəxrəddin Məmmədov konfransın beynəlxalq elmi əlaqələrin inkişafına verdiyi töhfədən danışıb. O bildirib ki, ICSEGT 2026 müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək aktual elmi məsələlərin müzakirəsi və yeni tədqiqat nəticələrinin paylaşılması üçün əlverişli imkan yaradır.Prorektor qeyd edib ki, ağıllı ətraf mühit, yaşıl texnologiyalar, süni intellekt və davamlı inkişaf müasir dövrün prioritet istiqamətləri sırasındadır. Onun sözlərinə görə, konfrans çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıqların qurulmasına və elmi bilik mübadiləsinin genişlənməsinə şərait yaradır.Daha sonra Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək bildirib ki, ağıllı ətraf mühit və yaşıl texnologiyalar gələcəyin inkişaf modelinin əsas komponentlərindən biridir. O vurğulayıb ki, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində çağırışlar yeni yanaşmalar və birgə fəaliyyət tələb edir.S.Vəliyev qeyd edib ki, belə beynəlxalq tədbirlər elm, innovasiya və təcrübənin bir araya gəlməsinə imkan yaradır. O, Azərbaycanın yaşıl enerji və davamlı inkişaf sahəsində həyata keçirdiyi layihələrin bu istiqamətdə aparılan siyasətin mühüm göstəricisi olduğunu bildirib və konfransın faydalı nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.Milli Məclis Sədrinin müavini Musa Qasımlı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, və digər qonaqlar çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. Çıxışlarda yaşıl texnologiyalar, davamlı inkişaf, innovasiya və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər ICSEGT 2026-nın elm adamları arasında bilik və təcrübə mübadiləsinə, yeni tərəfdaşlıqların qurulmasına və qlobal çağırışların həllinə töhfə verən mühüm beynəlxalq platforma olduğunu qeyd ediblər.Konfransın tərəfdaşları arasında Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyi, Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi Neft - Kimya Prosesləri İnstitutu, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu, həmçinin Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası, Şimali Kiprin Yaxın Doğu Universiteti, Rusiyanın Cənub Universiteti və s. var.Hibrid formatda təşkil olunan tədbirdə ağıllı ətraf mühit və ekosistemlər, bərpa olunan enerji, yaşıl texnologiyalar, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti (IoT), kiber-fiziki sistemlər, davamlı inkişaf, ekoloji kimya, biotexnologiya, dəqiq kənd təsərrüfatı, davamlı memarlıq və digər aktual elmi istiqamətlər üzrə müzakirələr aparılır.Konfransda 30-dan çox ölkədən alim və tədqiqatçı, təxminən 200-ə yaxın yerli və xarici nümayəndə iştirak edir. Tədbir çərçivəsində elmi məruzələr dinlənilir, innovativ tədqiqat nəticələri təqdim olunur, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.ICSEGT 2026 Beynəlxalq Elmi Konfransı qlobal ekoloji çağırışlar, yaşıl texnologiyalar və dayanıqlı inkişaf sahəsində yeni yanaşmaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.Konfrans iyunun 3-də işini yekunlaşdıracaq.Təhminə VERDİYEVA,“Azərbaycan”

Seçilən
5
azerbaijan-news.az

1Mənbələr