Azərbaycandan Avropaya yaşıl enerji ixracı üçün vahid sertifikat sistemi lazımdır.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yaşıl enerjidən regional inteqrasiyaya: Enerji körpüləri” adlı sessiyasında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) direktor müavini Rəna Hümbətova deyib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiya olunmuş bərpa olunan enerji bazarı yaratması üçün elektrik enerjisi bazarlarının qaydalarının uyğunlaşdırılması vacibdir.
Rəna Hümbətova bildirib ki, yaşıl enerjinin beynəlxalq ticarəti üçün qarşılıqlı tanınan sertifikatlaşdırma sistemləri əsas şərtlərdən biridir.
“Etibarlı və beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma mexanizmləri olmadan Mərkəzi Asiya və Azərbaycandan ixrac olunan yaşıl elektrik enerjisinin Avropa bazarında tanınması mümkün deyil”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ildə region ölkələri bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisi üçün mənşə sertifikatları sisteminin yaradılması üzrə əməkdaşlığa başlayıblar.
AREA rəsmisi əlavə edib ki, regional yaşıl enerji bazarının formalaşması üçün elektrik şəbəkələrinin inteqrasiyası, vahid planlaşdırma, məlumat mübadiləsi və rəqəmsal platformaların yaradılması da vacibdir.