Bu gün enerji dünyasının əsas istiqaməti elektrikləşdirmədir. Əlavə yaşıl enerji, qaz, hidroenerji və digər mənbələrlə birlikdə enerji təhlükəsizliyi üçün çox güclü baza yarada bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Azərbaycan Respublikası energetika nazirinin müavini Orxan Zeynalov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya–Azərbaycan enerji dəhlizi üzrə Özbəkistan və Qazaxıstandakı tərəfdaşlar və dostlarla birlikdə çalışmalar aparılır. Layihə bu ilin yanvar ayında başlanıb və biz onun gələcəyinə böyük nikbinliklə baxırıq. İlk dəfədir ki, Azərbaycan və Mərkəzi Asiya kimi iki strateji region bir-birinə birləşdiriləcək.
"Biz hesab edirik ki, bu elektrik kabeli ilə yanaşı, başqa imkanlar da yaranacaq. Məsələ yalnız bir giqavat gücdən və ya kabelin hansı faizlə yüklənəcəyindən ibarət deyil. Əsas məsələ alternativ seçimə, çevikliyə və diversifikasiyaya sahib olmaqdır. Çünki yalnız bir mənbədən və ya bir marşrutdan asılı olmaq həmişə risk yaradır. Bu gün olmasa da, sabah mütləq problemə çevrilə bilər", - nazir müavini vurğulayıb.
Türkiyədəki tərəfdaşlar ilə birlikdə daha iki yeni enerji bağlantısı layihəsi üzərində işlər aparılır. Bunlardan biri Azərbaycan–Türkiyə interkonnektorudur. Bu layihə Azərbaycanın əsas hissəsini Trans-Qafqaz dəhlizi vasitəsilə Türkiyə ilə birləşdirəcək. Artıq bu xətt vasitəsilə 1 giqavat elektrik enerjisinin ixracı barədə razılıq əldə olunub. Lakin kommersiya və texniki əsaslandırmanın nəticələrindən asılı olaraq bu göstərici 3 giqavata qədər artırıla bilər. Xüsusilə Türkiyənin qərb bölgələrində böyük potensial mövcuddur və bu potensial daha sonra Bolqarıstan və digər Avropa bazarları ilə əlaqələndirilə bilər.
"Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi üzrə strateji layihə də dünən cənab Prezident tərəfindən çıxışında qeyd edildi. Hazırda bu layihəyə siyasi dəstəyi təmin etmək və onun həyata keçirilməsi üçün birgə müəssisə yaratmaq məqsədilə hökumətlərarası saziş hazırlanır", - nazir müavini yekunlaşdırıb.