SOCAR 2035-ci ilə qədər enerji şirkətinə çevrilməyi hədəfləyir.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yaşıl enerjidən regional inteqrasiyaya: Enerji körpüləri” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Əfqan İsayev deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti bərpa olunan enerji layihələrinin inkişafı üçün mühüm təşviq mexanizmləri tətbiq edir. Bu çərçivədə investisiya təşviqi sənədləri üzrə vergi güzəştlərinin müddəti 7 ildən 30 ilə qədər artırılıb ki, bu da layihələrin maliyyə dayanıqlığını gücləndirir.
Əfqan İsayev bildirib ki, SOCAR 2023-cü ildə öz dekarbonizasiya və inkişaf strategiyasını yenidən nəzərdən keçirib.
“2035-ci ilə qədər neft-qaz şirkəti deyil, enerji şirkəti olmağı hədəfləyirik. Bu məqsədlə karbohidrogenlər və aşağı karbonlu bizneslər arasında balanslaşdırılmış portfel formalaşdırırıq”, – deyə o qeyd edib.
SOCAR rəsmisinin sözlərinə görə, şirkət bərpa olunan enerji sahəsində fəaliyyətini sürətləndirmək üçün 2024-cü ildə SOCAR Green şirkətini yaradıb və bu istiqamətdə Masdar, Lightsource BP, China Energy və PowerChina kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
“Bu əməkdaşlıqlar bizə bərpa olunan enerji və enerji saxlama texnologiyaları sahəsində bilik və təcrübəni daha sürətlə mənimsəməyə imkan verir”, – deyə Əfqan İsayev əlavə edib.