İspan kraliçasının MEYİTİ TAPILDI
Ajans.az Live Science nəşrinə istiandən xəbər verir ki, Barselona Mədəniyyət İnstitutunun tədqiqatçıları monastır ərazisində ümumilikdə 25 nəfərə aid qalıqların olduğu səkkiz orta əsr məzarını üzə çıxarıblar. Tapıntılar arasında monastırın qurucusu və Araqon kralı II Ceymsin həyat yoldaşı Elisenda de Montkadanın qalıqları xüsusi diqqət çəkib. Arxeoloqların bildirdiyinə görə, kraliçanın sümükləri kilsə ilə monastır arasında yerləşən geniş otağın bir küncündə saxlanılan kiçik taxta qutuda aşkar edilib. Bu məkan hökmdarın həm kraliça, həm də dini həyat sürən şəxs kimi statusunu simvolizə edən xüsusi memarlıq quruluşuna malik olub. İlkin araşdırmalar göstərib ki, Elisenda de Montkada təxminən 70 yaşında vəfat edib. Onun sümüklərində osteoartrit xəstəliyinin izləri aşkarlanıb. Kraliça sadə monastır geyimində dəfn edilsə də, məzarda qızıl saplarla işlənmiş ipək parçaların qalıqları da tapılıb. Bundan əlavə, arxeoloqlar dəfn mərasimi zamanı istifadə edildiyi ehtimal olunan rozmarin və mersin kimi ətirli bitkilərin izlərini də müəyyən ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı orta əsr İspaniyasının dəfn adətləri və kral ailəsinin həyatı ilə bağlı yeni məlumatlar əldə etməyə imkan verəcək. 