“Azərbaycanın dünya okeanlarına birbaşa çıxışının olmaması ilk baxışdan müəyyən məhdudiyyət kimi görünsə də, ölkədə aparılan iqtisadi siyasət bu coğrafi məhdudiyyəti siyasi üstünlüyə çevirməyi bacarıb. Enerji resurslarının ixracı üçün qonşu dövlətlərlə qarşılıqlı etimad və əməkdaşlıq münasibətləri qurulub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum , TANAP və TAP kimi qlobal əhəmiyyətli layihələr reallaşdırılıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Ekspert bildirib ki, hazırda Azərbaycan qazı Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayırsa, bunun əsas səbəbi uzun illər ərzində həyata keçirilən balanslı xarici siyasət və enerji diplomatiyasıdır: “Enerji layihələri ətrafında formalaşan əməkdaşlıq platformaları Azərbaycanı regionda etibarlı tərəfdaş kimi tanıdıb, geosiyasi əhəmiyyətini artırıb. Enerji diplomatiyası təkcə enerji ixracatına xidmət etmir. Belə ki, bu layihələr həm də region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir, qarşılıqlı investisiyanı artırır. Həmçinin nəqliyyat və logistika marşrutlarının formalaşmasına şərait yaradıb. Bu da enerji dəhlizləri, eyni zamanda iqtisadi və siyasi sabitlik dəhlizlərinin funksiyalarını yerinə yetirməyə imkan verib. Cənab İlham Əliyevin Bakı Enerji Həftəsində çıxışı zamanı verdiyi mesajlardan biri də Azərbaycanın etibarlı tərəfdaş imicidir. Bu da son 30 ildə ölkəmizin qoşulduğu bütün enerji müqavilələri və beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməsi ilə bağlıdır. Məhz bu etibarlılıq Azərbaycanın enerji sahəsində nüfuzunu artırır, yeni tərəfdaşların cəlb olunmasına zəmin yaradıb. Bu gün Azərbaycanın enerji uğurunun əsas sirlərindən biri yalnız zəngin enerji ehtiyatları deyil. Həm də bu ehtiyatları dünya bazarına çıxarmağa imkan verən uğurlu diplomatiya infrastruktur, iqtisadi hədəflər, siyasi əlaqələr, həmçinin etibarlı tərəfdaşlıq münasibətləri və regionda modernləşdirilmiş əməkdaşlıq formasıdır. Əlbəttə, okeana birbaşa çıxışı olmayan ölkənin bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması məhz düşünülmüş enerji diplomatiyasının nəticəsidir”.
Aytəkin Qardaşova