AZ

Aqrar sahədə qarşıya qoyulan hədəflər idxaldan asılılığın azalmasına xidmət edəcək – TƏHLİL

Bakı, 2 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə müəyyən edilmiş hədəflər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə qlobal ərzaq bazarlarında baş verən problemlər, logistika məsələləri, iqlim dəyişikliklərinin təsirləri və geosiyasi risklər göstərir ki, strateji ərzaq məhsulları üzrə daxili istehsal potensialının artırılması hər bir dövlət üçün prioritet məsələlərdən biridir.

Bu barədə AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda buğda istehsalının artırılması, heyvandarlığın modernləşdirilməsi və ət-süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər ölkənin aqrar sektorunun dayanıqlı inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verə bilər.

“Buğda ölkənin ərzaq təhlükəsizliyi baxımından ən strateji məhsullardan biridir. Çörək və un məmulatları əhalinin gündəlik qida rasionunda mühüm yer tutur. Buna görə də buğda istehsalında məhsuldarlığın artırılması daxili tələbatın daha böyük hissəsinin yerli istehsal hesabına ödənilməsinə imkan yaradacaq. Məhsuldarlığın yüksəldilməsi torpaq və su resurslarından daha səmərəli istifadəyə şərait yaradaraq eyni əkin sahəsindən daha çox məhsul əldə olunmasını təmin edər. Bu isə idxaldan asılılığın azalmasına, xarici bazarlarda baş verən qiymət dəyişikliklərinin daxili bazara təsirinin zəifləməsinə və ölkənin strateji ərzaq ehtiyatlarının daha etibarlı şəkildə formalaşdırılmasına xidmət edə bilər. Buğda istehsalının artırılması kənd təsərrüfatında texnoloji yenilənməni sürətləndirəcək. Müasir suvarma sistemlərinin tətbiqi, yüksək məhsuldar və iqlim dəyişikliklərinə davamlı toxum sortlarından istifadə, rəqəmsal kənd təsərrüfatı texnologiyalarının genişləndirilməsi məhsuldarlığın yüksəlməsinə şərait yaradacaq əsas amillər sırasındadır. Nəticədə taxılçılıq sahəsində istehsal xərclərinin azalması və məhsulun rəqabət qabiliyyətinin artacaq”.

Ekspert vurğulayıb ki, heyvandarlıq sektorunun modernləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər böyük əhəmiyyət daşıyır.

“Dünyanın qabaqcıl təcrübəsi göstərir ki, intensiv heyvandarlıq modeli məhsuldarlığın artırılmasının və istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas vasitələrindən biridir. Yüksək məhsuldar cins heyvanların sayının artırılması, damazlıq işinin təkmilləşdirilməsi ət və süd məhsullarının həcmini artıra bilər. Bu isə ümumi istehsal göstəricilərinin yüksəlməsinə və daxili bazarın daha keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradar. Yerli istehsalın genişlənməsi idxal məhsullarından asılılığın azalmasına, bazarda qiymət sabitliyinin qorunmasına və istehlakçıların daha keyfiyyətli məhsullara çıxış imkanlarının genişlənməsinə kömək edəcək. Eyni zamanda, bu kənd yerlərində məşğulluğun artmasına, fermer təsərrüfatlarının gəlirlərinin yüksəlməsinə və regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək. Müasir standartlara uyğun təsərrüfatların formalaşdırılması məhsul istehsalının həcmini artırmaqla yanaşı, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəlməsinə, xəstəlik risklərinin azalmasına və məhsulun təhlükəsizlik göstəricilərinin yaxşılaşmasına şərait yaradacaq. Bu amillər yerli məhsulların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətini artıracaq”.

Akif Nəsirli bildirib ki, damazlıq işinin gücləndirilməsi heyvandarlığın inkişafında strateji rol oynayır. Belə ki, genetik potensialı yüksək olan cinslərin yayılması məhsuldarlığın davamlı şəkildə artmasına, yem sərfinin optimallaşdırılmasına və istehsal xərclərinin azalmasına imkan verə bilər. Bununla yanaşı, seleksiya işlərinin genişləndirilməsi uzunmüddətli perspektivdə heyvandarlıq sektorunun səmərəliliyini və dayanıqlığını artıracaq əsas istiqamətlərdən biri hesab olunur. Otlaq infrastrukturunun yaxşılaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Otlaqların bərpası, su təminatının gücləndirilməsi, yeni su mənbələrinin yaradılması və yaylaq-qışlaq infrastrukturunun inkişaf etdirilməsi yem bazasının möhkəmləndirilməsinə kömək edəcək. Yem təminatının yaxşılaşması isə heyvandarlıq məhsullarının maya dəyərinin azalmasına və istehsalın rentabelliyinin yüksəlməsinə şərait yaradar.

“Ümumilikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi Azərbaycanın aqrar sektorunda keyfiyyətcə yeni inkişaf mərhələsinin formalaşmasına səbəb ola bilər. Taxılçılıqda məhsuldarlığın yüksəldilməsi, intensiv heyvandarlığın genişləndirilməsi, damazlıq potensialının gücləndirilməsi və ət-süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azalmasına, kənd yerlərində iqtisadi fəallığın artmasına və aqrar sektorun beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verəcək”, - deyə ekspert əlavə edib.

Müxbir - Səbinə Əlizadə

Seçilən
18
azertag.az

1Mənbələr