ain.az, 525.az saytına istinadən bildirir.
“Mövsümü olmayan meyvələrin istifadəsi hər zaman təhlükəli olmasa da, müəyyən risklər yarada bilər. Belə meyvələrin bir qismi istixanalarda xüsusi şəraitdə yetişdirilir və məhsuldarlığı artırmaq məqsədilə müxtəlif gübrə və kimyəvi vasitələrdən istifadə oluna bilər. Nəticədə meyvələrdə nitrat və digər maddələrin normadan artıq qalması ehtimalı yaranır.Vaxtından əvvəl yetişdirilmiş meyvələr təbii şəraitdə yetişən məhsullarla müqayisədə daha az vitamin və mineral ehtiva edə bilər. Bundan əlavə, uzun məsafələrdən daşınan meyvələrin xarab olmaması üçün onların xüsusi maddələrlə emal edilməsi də mümkündür”.
Bunu 525.az-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, mövsümündə olmayan meyvələri yetişdirmək üçün gübrələrdən və kimyəvi maddələrdən istifadə olunur. Bu maddələr normadan artıq istifadə olunarsa, xüsusilə də nitrat tərkibli gübrələrdən istifadə edilərsə, həmin məhsulun tərkibində nitratın səviyyəsi həddindən artıq artır. Təbii ki, bu da insan sağlamlığı üçün müxtəlif fəsadlara səbəb olur:
“Ən çox risk qrupuna daxil olan insanlar uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlardır. Bu kimi kimyəvi maddələr bir çox hallarda onlarda qida zəhərlənməsi, ürəkbulanma, halsızlıq, baş ağrısı, maddələr mübadiləsinin pozulması və mədə-bağırsaq problemlərinə səbəb olur”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.