AZ

“TotalEnergies”: “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq

Bakı, 2 iyun, AZƏRTAC

“Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq.

AZƏRTAC xəbər verir ki, bunu “TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib.

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin növbəti mərhələsi icra olunur. Üç il əvvəl biz layihənin birinci mərhələsini - erkən hasilat mərhələsini işə saldıq. Bu mərhələnin əsas məqsədi hasilata başlamaq, yatağın davranışını müşahidə etmək və əldə olunan məlumatlar əsasında gələcək inkişaf planlarını formalaşdırmaq idi. Bu gün artıq əminliklə deyə bilərik ki, yatağın davranışı gözləntilərimizə tam uyğun olub. Hətta nəticələr gözləniləndən də yaxşıdır. Hasilat sabit şəkildə davam edir və əldə etdiyimiz məlumatlar ikinci mərhələnin həyata keçirilməsi üçün bizə tam əsas verir. Son üç il ərzində tərəfdaşlarımız SOCAR və XRG ilə sıx əməkdaşlıq şəraitində çalışmışıq. Bu əməkdaşlığın nəticəsi olaraq ikinci mərhələnin layihələndirmə və mühəndislik işləri tamamlanıb. Hazırda icra mərhələsi üzrə tender prosedurları həyata keçirilir və layihənin icrasına bu ilin sonunadək başlanmasını planlaşdırırıq. İkinci mərhələnin konsepsiyası yenə də sualtı işlənmə modelinə əsaslanır. Layihə çərçivəsində 3 yeni quyu qazılacaq. Hər bir quyunun gündəlik hasilat potensialı təxminən 40 min barel neft ekvivalenti təşkil edəcək. Bunun təxminən 30 faizi kondensat, 70 faizi isə təbii qaz olacaq. Bu baxımdan “Abşeron” yüksək kondensat tərkibli qaz yatağı hesab olunur”, - deyə o qeyd edib.

Emmanuel de Guillebon bildirib ki, yeni quyular sahildən təxminən 140 kilometr məsafədə yerləşəcək və hasilat birbaşa sahilə nəql ediləcək: “Layihədə əlavə hasilat platformalarının tikintisi nəzərdə tutulmur. Quyular birbaşa sualtı infrastruktur vasitəsilə sahilə bağlanacaq. Bu məqsədlə quyuları əsas boru kəmərinə birləşdirən geniş sualtı infrastruktur sistemi qurulacaq. Hasil edilən qaz və kondensatın eyni xətt üzrə daşınmasını təmin etmək üçün çoxfazalı nəql sistemi seçilib. Layihənin maraqlı tərəflərindən biri odur ki, boru kəmərinin istilik izolyasiyası minimum səviyyədə nəzərdə tutulub. Bu yanaşma layihənin kapital xərclərini əhəmiyyətli dərəcədə azaldır. Lakin bunun üçün axının fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində innovativ həllər tələb olunur”.

Fotoqraf - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov
Seçilən
48
3
azertag.az

4Mənbələr