AZ

1993-cü ilin Gəncə hadisələri: AXC-Müsavat cütlüyünün xalqa xəyanəti

4 iyun qiyamı milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş və böyük əksəriyyəti qeyri-peşəkar, təcrübəsiz insanlardan ibarət olan bir komandanın yürütdüyü siyasətin acınacaqlı nəticəsi idi

4 iyun 1993-cü il Gəncə hadisələrindən 33 il ötsə də, həmin vaxt ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün yaratdığı anarxiya, xaos, özbaşınalıq nəticəsində baş vermiş qardaş qırğını hələ də unudulmur. 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş Azərbaycanın müstəqilliyi və bütövlüyü məhz həmin gün təhlükə ilə üzləşmişdi. SSRİ-nin dağılmasının ardından hakimiyyətə yiyələnmiş AXC - “Müsavat” cütlüyünün siyasi səriştəsizliyi ucbatından ölkədə baş alıb gedən özbaşınalıq, xaos, hərc-mərclik hələ yaranmamış, fərdlərin nəzarətində olan ordu hissələrindəki vəziyyətə də sirayət edirdi. Bunun nəticəsi idi ki, həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi mənafelərə xidmət edir, düşmənlə vuruşmaq əvəzinə maddi maraqların əsirinə çevrilirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı isə 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər seperatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

Belə bir məqamda ozamankı Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Ozamankı Müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüşün baş verməsi isə ölkənin vətəndaş qarşıdurmasına doğru sürükləndiyinin göstəricisi idi. Hakimiyyətdəki qrupların səriştəsizliyi də bu dramatik sonluğu yaxınlaşdırırdı. Yenicə müstəqilliyinə qovuşan Azərbaycanda belə acınacaqlı situasiyanın yaranmasının əsas məsuliyyəti AXC-Müsavat cütlüyünün üzərinə düşürdü. İyunun 5-də Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu.

Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana idi. Vətənin bu ağır günündə xalq Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi, qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə yol verilmədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Ümummilli Lider Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə Öz qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır”. 1993-cü il iyunun 15-də Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycan tarixinə faciəvi 4 iyun günündən sonra 15 İyun – Milli Qurtuluş Günü yazıldı.

Ümumxalq etimadı qazanan Ulu Öndər Prezident seçildikdən sonra Azərbaycanın inkişaf yolu, bazar iqtisadiyyatına keçidin prioritetləri müdrikcəsinə, uzaqgörənliklə müəyyənləşdirildi. Aparılan hər islahat, baş verən yeniliklər, “Əsrin müqaviləsi” kimi qlobal enerji layihələrinin imzalanması “Azərbaycan dünyaya Günəş kimi doğacaq” söyləyən Ulu Öndərin arzusunun reallaşması üçün önəmli addımlar oldu. Bu gün isə müstəqil, suveren Azərbaycan həqiqətən dünya birliyində öz nüfuzu, mövqeyi, qazandığı uğurları ilə fərqlənir, yüksək pillələrdə yer alır. Bu inkişafın müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Beləliklə, Azərbaycan xalqı Ulu Öndərin Vətənin ağır günündə məsuliyyətdən çəkinməyərək respublikada rəhbərliyə gəlməsini və qısa müddətdə böyük uğurlara imza atmasını həmişə minnətdarlıq hissi ilə xatırlayır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
29
ikisahil.az

1Mənbələr