Müəllif:Mehin Qasımova,Banco.az
Bir vaxtlar Rusiya avtomobil sənayesinin vizit kartı və Sovet dövrünün status simvolu olan əfsanəvi "Volqa" brendi uzunmüddətli fasilədən sonra bazara qayıdır.
Banco.az xəbər verir ki, bu ikonik brend 16 illik sükutdan sonra 2026-cı ilin iyun ayından Rusiya bazarına yenidən daxil olacaq.
Bu tarixi qayıdış Çinin avtomobil nəhəngi "Geely" ilə strateji tərəfdaşlıq çərçivəsində reallaşacaq.
Yeni nəsil "Volqa" avtomobilləri Nijni Novqoroddakı keçmiş "Volkswagen" və "Skoda" zavodunun istehsal xətlərində yığılacaq. Müasir rəqəmsal xüsusiyyətlər və güclü turbo mühərrik seçimləri ilə təchiz edilən yeni "Volqa" istehlakçılara eyni anda üç fərqli seqmentdə model təklif edəcək:
"C50" – "Geely Preface" platforması əsasında yığılan biznes sinfinə məxsus sedan;
"K40" – "Geely Atlas" modelinə əsaslanan orta ölçülü krossover (SUV);
"K50" – Brendin ən lüks və flaqman modeli sayılan, "Geely Monjaro" əsaslı böyük krossover (SUV).
Qeyd edək ki, "Volqa" sadəcə bir nəqliyyat vasitəsi deyil, bütöv bir dövrün iqtisadi və sosial göstəricisi olub. Lakin 2008-ci ilin qlobal maliyyə böhranı bu layihəni iflasa uğratdı və 2010-cu ildə istehsal tamamilə dayandırıldı. On ildən artıq davam edən sükutun Çin investisiyası və texnologiyası sayəsində pozulması, hazırda qlobal sanksiyalar fonunda ciddi təzyiqlərlə üzləşən Rusiya avtomobil sənayesi üçün dönüş nöqtəsi hesab olunur. Ekspertlərin fikrincə, Çinin texnoloji gücü ilə keçmişin məşhur brend adının sintezi Rusiya daxili bazarında yeni bir rəqabət mühiti formalaşdıracaq.