Türkiyənin İstanbul şəhərində taksi sürücüsünün xarici turistdən normadan dəfələrlə artıq ödəniş alması qalmaqala səbəb olub.
VAXT.AZ “NTV Türkiyə”yə istinadən xəbər verir ki, Oger adlı ABŞ-li turist qısa məsafəli səfər üçün taksiyə minib. Yolun dəyərinin təxminən 300 lirə (5.61 avro) olmasına baxmayaraq, sürücü sərnişindən 50 avro (təxminən 2700 TL) tələb edib.
Turist ödənişi bank kartı ilə etmək istədikdə isə vəziyyət daha da mürəkkəbləşib. İddialara görə, ödəniş zamanı sürücü kartdan 136 avro, yəni təxminən 7300 lirə məbləğində vəsait çıxıb.
Hadisəni videoya çəkən turist görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra məsələ geniş rezonans doğurub. Videonun qısa müddətdə minlərlə baxış topladığı, istifadəçilərin isə hadisəyə kəskin reaksiya verdiyi bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra polis araşdırmaya başlayıb. Aparılan əməliyyat tədbirləri nəticəsində taksi sürücüsünün şəxsiyyəti müəyyən edilib.
Türkiyə polisinin məlumatına görə, saxlanılan sürücü barəsində inzibati tədbir görülüb və ona 95 min 500 lirə (1786 avro) məbləğində cərimə tətbiq edilib.
Son hadisə İstanbulda turistlərdən artıq ödəniş alınması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər bu cür halların Türkiyənin turizm imicinə mənfi təsir göstərdiyini bildirərək nəzarətin gücləndirilməsini tələb ediblər.