AZ

Uzaq yolu yaxın edənlər

Hər il iyun ayının 2-si ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bununla bağlı Prezident İlham Əliyev 2006-cı il mayın 18-də sərəncam imzalayıb. Bu peşə bayramının tarixi Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı günün  - 1938-ci il  iyunun 2-nin  şərəfinə seçilib.

Sözügedən bayramın qeyd olunmasının məqsədi isə ölkə iqtisadiyyatının inkişafında və nəqliyyat sistemində mühüm rol oynayan mülki aviasiya işçilərinin əməyini qiymətləndirməkdir. Təsadüfi deyil ki, sahənin bütün qurumlarının işçiləri bu bayramı təntənə ilə qeyd edirlər.

Xatırladaq ki, həmin qurumlardan  biri - Dövlət Mülki Aviasiya Administrasiyası dövlət başçısının 29 dekabr 2006-cı fərmanı ilə Azərbaycan ərazisindəki mülki aviasiyanın tənzimlənməsi və təkmilləşdirilməsi və beynəlxalq aviasiya ilə əməkdaşlığın inkişafı məqsədilə yaradılıb. Prezidentin 12 yanvar 2018-ci il tarixli sərəncamı çərçivəsində isə bu qurum Dövlət Mülki Aviasiya Agentliyi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyinə verilib. Dövlət Mülki Aviasiya Agentliyi respublikamızda mülki aviasiya sahəsində fəaliyyətin tənzimlənməsinə cavabdeh olan dövlət orqanıdır. Mülki təyyarələrin uçuşunun təhlükəsizliyinə nəzarət etmək, təhlükəsizlik və ətraf mühiti mülki təyyarələrin yaratdığı tullantılardan qorumaq, aviasiya sahəsində tənzimləyici fəaliyyətlər aparmaq, digər ölkələrin aviasiya orqanları ilə əməkdaşlıq etmək və s. məhz bu agentliyin işçilərinin üzərinə düşür.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) isə ölkəmizdə fəaliyyət göstərən ən böyük aviaşirkətdir. AZAL hava nəqliyyatları üzrə beynəlxalq ittifaqın (IATA) üzvüdür. Bakı Aviaşirkətin Mərkəzi Aeroportu Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdır. Bu hava limanı beynəlxalq standartların tələblərinə cavab verir. Coğrafi mövqeyinə görə isə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda birnömrəli hava limanına çevrilmişdir.

Son onilliklər milli aviasiyamız da böyük uğurlar qazanıb. Beynəlxalq standartlara uyğunlaşma, modern hava limanları şəbəkəsi və təhlükəsizlik sahəsində böyük nailiyyətlər əldə edilib. AZAL yüksək təhlükəsizlik standartları ilə beynəlxalq reyslər həyata keçirir. Yeni hava limanlarının inşası mühüm əhəmiyyət kəsb edir.

Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Füzuli, Laçın, Zəngilan müasir hava limanlarının inşası və ya yenidən qurulması, beynəlxalq standartlara cavab verən uçuş-enmə zolaqlarının yaradılması son illərin bu sahədəki önəmli hadisələridir.  İşğaldan olunmuş ərazilərimizdə qısa zaman kəsiyində, həm də relyefi mürəkkəb olan bölgələrdə üç aeroportun tikilməsi dünyanı heyrətə gətirir.

Sahə üçün kadrların hazırlanması isə Milli Aviasiya Akademiyasının üzərinə düşür. Akademiya Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və aparıcı xarici aviasiya təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək təhsilin beynəlxalq səviyyəyə çatdırılmasını təmin edir. Elə bir neçə ay əvvəl  Milli Aviasiya Akademiyasında açılan yeni Beynəlxalq Təlim Mərkəzi bu istiqamətdə atılan növbəti mühüm addımdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mərkəzin açılışında iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.

Milli Aviasiya Akademiyası bu gün Azərbaycanın strateji əhəmiyyətə malik aerokosmik sahəsini, o cümlədən mülki aviasiyanı və bir sıra digər sahələri beynəlxalq tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir. Akademiyada ali təhsil pillələri tələbələrə ixtisaslaşmış bilik, analitik düşüncə və tədqiqat bacarıqları qazandıraraq, onları əmək bazarının tələblərinə uyğun peşəkarlar kimi yetişdirməyi hədəfləyir.

Yeni mərkəz AZAL-ın təşəbbüsü ilə məhz akademiyanın ərazisində yaradılıb. Bu, uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulan bir mərkəzdir. Burada Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək. 

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək. Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Mərkəzdə quraşdılmış sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün şərait yaradır. Burada eləcə də hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beləliklə, mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq, kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq. Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Bütün bunlar Azərbaycanın mülki aviasiyasının həm regional, həm də beynəlxalq miqyasda nüfuzunu artırmaq, ölkəmizin logistika və turizm potensialını daim gücləndirmək məqsədi daşıyır. 

Bu gün öz peşə bayramlarını qeyd edən milli aviasiya işçiləri  dünyasını dəyişmiş qəhrəman həmkarlarını da xatırlayırlar. 31 may - Beynəlxalq Təyyarə Bələdçiləri Günündə həmkarlarından ibarət qrup və ailə üzvləri birlikdə Azərbaycanın Milli Qəhrəmanı  Hökumə Əliyevanın  İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

AZAL heyəti tərəfindən Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun da əziz xatirəsi ehtiramla yad olunub.    

Xatırladaq ki, Prezident  İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə  bu  mərd  insanların hər biri  "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.  

 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr