AZ

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 1 iyun, AZƏRTAC

Bütün uşaqlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, bu gün İçərişəhər kimi tarixi məkanda müxtəlif idman növləri üzrə guşələr yaradılıb, xalçalar və tatamilər qurulub. Gələcəyin ulduz güləşçisi olmaq istəyən uşaqlar və yeniyetmələr öz bacarıqlarını nümayiş etdirirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev deyib.

O, belə festivallarda Olimpiya çempionları, Avropa və dünya mükafatçılarının iştirakının əhəmiyyətli olduğunu söyləyib: “Onların uşaqlarla bir araya gəlməsi, təcrübələrini bölüşməsi gənc nəslin idmana marağının artırılması baxımından çox vacibdir. Bu cür görüşlər yeniyetmələr üçün böyük örnək rolunu oynayır. Azərbaycan idmanının uğurları göz önündədir. Olimpiya Oyunlarında, dünya çempionatlarında və kuboklarında idmançılarımız ölkəmizə çoxsaylı medallar və kuboklar qazandırıblar. Bu gün də tanınmış idmançılarımız uşaqlarla görüşür, onlar üçün ustad dərsləri keçirirlər. Bu təşəbbüs ölkəmizdə idmanın gələcək inkişafına mühüm töhfə verəcək. Bu gün gənc idmançılar əfsanəvi güləşçilərimizlə görüşür, onlarla şəkil çəkdirir, avtoqraf alırlar. İnanıram ki, gələcəkdə bu uşaqlar da böyük uğurlara imza atacaq, xalqımızı sevindirəcək, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaq, dövlət himnimizi beynəlxalq arenalarda səsləndirəcəklər. Həmin vaxt artıq onlardan avtoqraf almaq üçün növbəyə duracaqlar”.

Müxbir - Aynur Əlixanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
1
azertag.az

2Mənbələr