AZ

Ağ Evdən şifrəli siqnal: “İlham, sən əlasan!” - bir cümləyə sığan böyük geosiyasi mesaj

ABŞ Prezidenti Donald Trump tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev ünvanlanan memorandumda yer alan “İlham, sən əlasan!” ifadəsi diplomatik protokolun adi detalı deyil. Bu, əslində Ağ Evin Azərbaycana, onun liderinə və formalaşdırdığı regional geosiyasi reallığa verdiyi siyasi mesajdır.

Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, ABŞ kimi qlobal hegemon gücün prezidenti bu cür şəxsi və isti münasibət ifadə edən mesajı təsadüfi şəkildə vermir. Xüsusən də söhbət dünyanın ən həssas geosiyasi məkanlarından biri olan Cənubi Qafqazdan gedirsə. Trampın “İlham, sən əlasan!” qeydi sadəcə kompliment deyil, bu, həm də  Azərbaycanın regional və qlobal proseslərdə artan rolunun etirafıdır.

Memorandumun özü də strateji məna daşıyır. ABŞ Prezidentinin 1992-ci ildə qəbul edilmiş və uzun illər Azərbaycanla münasibətlərdə siyasi təzyiq elementi kimi istifadə olunan “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin dayandırılmasını uzatması Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi önəmi göstərir. Çünki həmin düzəliş uzun illər ərzində ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırırdı və Ermənistanın maraqlarına uyğun siyasi alət kimi təqdim edilirdi.

Bu gün isə vəziyyət tamamilə dəyişib. ABŞ artıq regionda yaranmış yeni geosiyasi reallığı qəbul edir. Bu reallığın əsas memarı isə məhz Azərbaycandır.

44 günlük Vətən müharibəsindən sonra bölgədə formalaşan yeni siyasi düzən göstərdi ki, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını Azərbaycansız qurmaq mümkün deyil. Ağ Ev də bunu çox yaxşı anlayır. Məhz buna görə Tramp administrasiyası Azərbaycanın regional sülh gündəliyini və Bakı-Ankara xətti üzərindən formalaşan yeni nəqliyyat-logistika sistemini diqqətlə izləyir.

Trampın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktub da əslində bu siyasətin davamıdır. Həmin məktubda Trampın “Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və rifahla bağlı baxışlarımı tam şəkildə bölüşür” fikri ilk baxışdan İrəvana dəstək kimi görünə bilər. Lakin mətndə diqqət çəkən əsas məqam regionun gələcəyinin məhz sülh və kommunikasiyalar üzərində qurulmasıdır.

Daha maraqlısı isə Trampın “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” adlandırdığı Zəngəzur dəhlizi ilə bağlı mesajlarıdır. ABŞ prezidentinin bu layihəni Orta Asiyadan Qərbə uzanan enerji və ticarət bağlantısının əsas hissəsi kimi təqdim etməsi göstərir ki, Vaşinqton artıq Orta Dəhlizin strateji əhəmiyyətini açıq şəkildə qəbul edir.

Burada əsas məsələ ondan ibarətdir ki, Orta Dəhlizin mərkəzində Azərbaycan dayanır. Çinlə Avropanı, Mərkəzi Asiya ilə Qərbi birləşdirən alternativ geoiqtisadi xətt məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə formalaşıb. Bu gün enerji, logistika, təhlükəsizlik və rəqəmsal bağlantılar baxımından Bakı regionun əsas açar dövlətinə çevrilib.

ABŞ bunu xüsusilə Ukrayna müharibəsindən sonra daha aydın görməyə başlayıb. Vaşinqton anlayır ki, Rusiya üzərindən keçən ənənəvi marşrutlar artıq əvvəlki qədər təhlükəsiz və dayanıqlı deyil. İran marşrutu isə Qərb üçün həm siyasi, həm də təhlükəsizlik baxımından risklidir. Belə bir şəraitdə Azərbaycan üzərindən keçən Orta Dəhliz Qərb üçün strateji alternativə çevrilir.

Məhz buna görə Trampın İlham Əliyevə ünvanladığı “İlham, sən əlasan!” mesajı təkcə şəxsi simpatiya deyil. Bu, həm də Bakının geosiyasi çəkisinin etirafıdır. Ağ Ev anlayır ki, Cənubi Qafqazda sabitlik, Orta Asiyaya çıxış, enerji təhlükəsizliyi və Şərq-Qərb bağlantıları üçün Azərbaycan əsas oyunçudur.

Bu mesajın başqa mühüm tərəfi də ondan ibarətdir ki, Vaşinqton regionda yeni güc balansının formalaşdığını qəbul edir. Əgər əvvəlki illərdə ABŞ və Qərb daha çox Ermənistan mərkəzli siyasət yürüdürdüsə, indi praqmatik yanaşma ön plana çıxır. Çünki reallıq göstərir ki, regionun iqtisadi və geosiyasi gələcəyini müəyyən edən əsas aktor Azərbaycandır.

Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslı xarici siyasət də bu nəticənin yaranmasında mühüm rol oynayıb. Azərbaycan həm Türkiyə ilə strateji müttəfiqliyi gücləndirib, həm Rusiya ilə münasibətləri idarə edib, həm də Qərblə əməkdaşlığı genişləndirib. Paralel olaraq Çin, Mərkəzi Asiya və Körfəz ölkələri ilə əlaqələrin genişlənməsi Bakının qlobal tranzit və enerji mərkəzinə çevrilməsini sürətləndirib.

Beləliklə, Trampın “İlham, sən əlasan!” ifadəsi əslində bir cümləyə sığan böyük geosiyasi mesajdır. Bu mesaj həm region ölkələrinə, həm də beynəlxalq güclərə ünvanlanıb. Ağ Ev bununla göstərir ki, yeni dünya düzənində Azərbaycan artıq sıradan regional dövlət deyil. Bakı Cənubi Qafqazın geosiyasi mərkəzi və Şərqlə Qərbi birləşdirən strateji körpüdür.
Və görünən odur ki, qlobal güclər bundan sonra da Azərbaycanla hesablaşmağa davam edəcəklər.

Mürtəza Bünyadlı

Seçilən
27
50
olke.az

10Mənbələr