AZ

Bakıda sürücüləri əsəbiləşdirən qərar - Bir zolaq azaldı, tıxac artdı

Bildiyimiz kimi, Bakı şəhərinin bir çox küçə və prospektlərində əvvəllər 3 avtomobil zolağı olan yollar yenidən təşkil edilərək avtobus və velosiped zolaqları ilə təmin olunub. Nəticədə avtomobillər üçün nəzərdə tutulan zolaqların sayı bəzi ərazilərdə 2-yə enib. Bir çox vətəndaş bu dəyişikliklərin tıxacların artmasına səbəb olduğunu bildirir. Eyni zamanda, velosiped zolaqlarından istifadənin hələ də geniş yayılmadığını bildirərək bu qərarlardan narazılıq edənlər də var.

Bəs velosiped zolaqlarının yaradılması tıxacların artmasına səbəb olur, yoxsa uzunmüddətli perspektivdə nəqliyyatın daha səmərəli təşkilinə xidmət edir?

Nəqliyyat eksperti Adil Nəbiyev Redaktor.az-a bildirdi ki, velosiped zolaqlarının yaradılması son illərdə bir çox şəhərlərdə tətbiq olunan müasir nəqliyyat siyasətinin tərkib hissəsidir.

"Bu layihələrin əsas məqsədi yalnız velosiped sürən insanlar üçün ayrıca hərəkət sahəsi yaratmaq deyil, ümumilikdə şəhər nəqliyyatını daha təhlükəsiz, ekoloji və səmərəli hala gətirməkdir. Buna baxmayaraq, avtomobillər üçün ayrılmış zolaqların sayının azalması bəzi sürücülərdə narazılıq yaradır və onlar hesab edirlər ki, bu dəyişikliklər tıxacların artmasına səbəb olur. Xüsusilə əvvəllər üç hərəkət zolağı olan küçələrdə bir zolağın avtobus və ya velosiped zolağına çevrilməsi nəticəsində avtomobillərin hərəkət imkanlarının məhdudlaşdığı düşünülür. İlk mərhələdə belə bir təsirin hiss olunması mümkündür. Çünki sürücülər yeni hərəkət sxeminə uyğunlaşmalı olur və nəqliyyat axınının yenidən formalaşması müəyyən vaxt tələb edir".

Adil

Müsahibimiz qeyd etdi ki, yolun səmərəliliyi yalnız avtomobil zolaqlarının sayı ilə ölçülmür:

"Bir hərəkət zolağında saat ərzində daşınan insanların sayı əsas göstəricilərdən hesab olunur. Məsələn, bir avtobus onlarca minik avtomobilinin daşıdığı qədər sərnişin daşıya bilir. Eyni zamanda velosipedlə hərəkət edən şəxslər də avtomobil axınının yükünü azaldır. Dünyanın bir çox şəhərlərində aparılan araşdırmalar göstərir ki, təhlükəsiz velosiped infrastrukturu yaradıldıqdan sonra qısa məsafələrdə avtomobildən istifadə edənlərin müəyyən hissəsi velosipedə üstünlük verməyə başlayır. Bu isə zamanla yollardakı nəqliyyat sıxlığının azalmasına kömək edir. Digər tərəfdən, vətəndaşların iradlarının da müəyyən əsasları var. Əgər velosiped zolaqları vahid şəbəkə şəklində qurulmayıbsa, marşrutlar bir-biri ilə əlaqələndirilməyibsə və ya həmin zolaqlardan istifadə edənlərin sayı çox azdırsa, o zaman ayrılmış sahənin səmərəliliyi barədə suallar yaranır. İnsanlar boş görünən velosiped zolağını gördükdə həmin ərazinin avtomobillər üçün istifadəsinin daha məqsədəuyğun olduğunu düşünə bilirlər. Lakin burada nəzərə almaq lazımdır ki, velosiped zolağının məqsədi yalnız mövcud istifadəçilərə xidmət etmək deyil, gələcəkdə daha çox insanın bu nəqliyyat növünü seçməsi üçün təhlükəsiz şərait yaratmaqdır. Çünki əksər insanlar təhlükəsizlik səbəbindən velosiped sürməkdən çəkinirlər. İnfrastruktur formalaşdıqca istifadəçi sayı da tədricən artır. Nəticə etibarilə velosiped zolaqlarını tıxacların yeganə səbəbi kimi qiymətləndirmək düzgün olmaz. Şəhərlərdə tıxacların yaranmasına avtomobillərin sayının artması, parklanma problemləri, yol qovşaqlarının yükü, işıqforların iş rejimi, ictimai nəqliyyatın vəziyyəti və digər amillər də ciddi təsir göstərir. Velosiped zolaqlarının uğurlu olub-olmaması isə onların hansı şəkildə planlaşdırılmasından, şəhərin nəqliyyat strategiyasına necə inteqrasiya edilməsindən və vətəndaşların bu imkanlardan nə dərəcədə istifadə etməsindən asılıdır", - deyə A.Nəbiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
47
1
redaktor.az

2Mənbələr