Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi öz işinə başlayıb.
“Caspian Event Organisers” şirkətinin məlumatına görə, üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edirlər.
3 iyun 2026-cı il tarixində “TransLogistica Caspian” beynəlxalq sərgisi çərçivəsində “Radisson Hotel Baku”da 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcək. “TransLogistica Caspian Forum” beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə olunduğu peşəkar platforma rolunu oynayır.
Forum çərçivəsində praktik təcrübə mübadiləsinə və konstruktiv dialoqa yönəlmiş “Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi” və “Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri” mövzularında panel sessiyaları keçiriləcək.
Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının (FFAA) həmtəşkilatçısı olduğu Forumda yerli məruzəçilərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Litvadan olan xarici spikerlər də çıxış edəcəklər.
Qlobal logistika marşrutlarının transformasiyası və artan rəqabət fonunda “TransLogistica Caspian” sərgisində iştirak sektorda lider mövqeyini gücləndirmək istəyən şirkətlər üçün mühüm əhəmiyyət daşıyır. Sərgi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar yaradır, tərəfdaşlıq əlaqələrinin qurulmasına şərait yaradır və Orta Dəhliz, TRACECA və “Bir Kəmər, Bir Yol” təşəbbüsləri çərçivəsində biznesin inkişafına dəstək verir.
Sərgi çərçivəsində geniş işgüzar proqram təşkil olunur, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, tematik tədbirlər və sənaye üzrə müzakirələr keçirilir.