AZ

Günel Rəcəb “Orfolənd”

Hərflərin ölkəsinə xoş gəlmisiniz!

– Biz nə uğrunda döyüşürük?
– Yazı.
– Niyə?
– Yazı yaddaşdır. Yazı itsə tariximiz itər…

Hər il olduğu kimi bu il də may ayı mütaliəmi, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi olaraq uşaq ədəbiyyatına ayırdım. Seçimim müəllim, pedaqoq, uşaq yazıçısı Günel Rəcəbin “Orfolənd” əsəri oldu.

Günel Rəcəbin “Orfolənd” əsəri oxucunu hərflərin sehrli ölkəsinə aparan, yazının mənasını sadəcə texniki bacarıq deyil, yaddaş, şahidlik və varlıq kimi təqdim edən bənzərsiz bir uşaq romanıdır. Bu əsər yazının taleyə, xatirəyə və kimliyə çevrildiyi bir dünyanı qurur, elə bir dünya ki, orada hərf itərsə, tarix də itə bilər. “Yazı yaddaşdır” fikri bu kitabda sadəcə cümlə kimi yox, ideya, dəyər və fəlsəfə xüsusundadır.

Günel Rəcəbin yaratdığı “Orfolənd” həm uşaq təxəyyülünün sərhədsizliyinə, həm də yetkin müəllim müşahidəsinin dəqiqliyinə söykənir. Əsərdə hərflər obrazlaşır, səfər motivi ilə yol başlayır, mifoloji qatla pedaqoji baxış bir-birinə ilmə-ilmə hörülür.

“Orfolənd” yalnız uşaqlara xitab edən bir mətn deyil, o, valideynlər, müəllimlər və uşaq dünyasını anlamağa çalışan hər kəs üçün çoxsəsli bir çağırışdır. Elə buna görə də əsərin mərkəzində çox sadə, amma dərin bir sual dayanır: yazı itərsə, nə itər?

“Oxucu–yazıçı söhbətləşməsi” layihəm çərçivəsində bu dəfə uşaq dünyasına yaddaş və cəsarət prizmasından baxan Günel Rəcəbdən aldığım müsahibəni oxucularla paylaşmaqdan məmnunluq duyuram.

Günel xanım, Sizcə yazı nədir? Yazı zamanın izi ola bilərmi? Yazı daha çox şahiddir. Zamanın şahidi. Ən gözəl anlarımızın şahidi Məsələn, övladlarımızın yazdığı məktubların, valideynlərin yazıb qoyduğu kiçik qeydlərin şahidi.

Necə oldu ki, “Orfolənd” kimi bir əsər yazmaq qərarına gəldiniz? Bir ara məktəbəqədər uşaqlara dərs deyirdim. Qrupda bir qonşu qızı vardı, Nailə. Çox ağıllı qız idi. Dayanmadan sual verən, yüksəkdən danışan, hər şeylə maraqlanan. Xoşum gəlir belə uşaqlardan. Bircə xətti pis idi. Bir də çox cəsarətli idi. Cəsarətli olduğu üçün də uşaqlar onu sevməzdi. O qızın xəttinə görə cəzalandırılıb, əslində, cəsarətinə görə mükafatlandırıldığını təsəvvür edirdim.

Əgər “Orfolənd” yazılmasaydı, daxilinizdə hansı hiss yarımçıq qalardı? Hər birini ayrı-ayrı düşünüb ağlımda qurduğum o dünya – Yazıstan yox olardı. Onunla birlikdə orda yaşayan sakinlər, qəhrəmanlarım yox olardı. Yaratdıqlarım yox olardı. Bu da məni məyus edərdi. Xatırladıqca oxucularımla paylaşmadığım üçün təəssüf hissi keçirərdim.

“Orfolənd”i yazarkən uşaq Günel, yoxsa yetkin Günel sizə yol göstərirdi? Bir tərəfdən yetkin Günel. Çünki bu bir müəllimin müşahidələridir. Bu bir müəllimin dərs prosesində ağlına gələn maraqlı ideyalardır: Məsələn, “Ğ” hərfinin başında şlyapa gəzdirməsi, otağının başdan-başa şlyapa kolleksiyasından ibarət olması, saitlərin samitlərin soyadlarının “li” hissəciyi ilə bitməsi (Saitlilər, Samitlilər) və s. Bir tərəfdən də uşaq Günel. Hadisələrə onun gözü ilə baxmaq, onun anlayacağı dildə yazmaq. Hər ikisi bir-birinə kömək edib.

Bu kitabın dünyasını qurarkən Azərbaycan nağıl və mifoloji düşüncəsi sizə necə təsir etdi? Nağılların, mifoloji mətnlərin təkraralanan motivləri var ki, bu əsərdə də ondan istifadə etmişəm. Xüsusən də, nağıllarda istifadə edilən başlanğıc motivlərindən biri “Səfər” motivindən. Qəhrəmanı səfərə təhrik edən qadağa və o qadağanı pozma. Ümumiyyətlə, qəhrəmanın yolunu nağıllarımıza xas motivlər əsasında qurmağa çalışdım. Orfo, əslində, sehrli köməkçi rolunu oynayır. Bundan başqa, “Til” adlı əjdahanı yaradarkən müəllimlərin şagirdlərə tez-tez dediyi “Bu hərfi niyə yemisən? Acmısan?” kimi ifadəsi hər dəfə yadıma düşəndə bir əjdaha obrazı gəlib dururdu gözümün qabağında. Amma qəddar obraz kimi təsvir etmək istəmədim onu. Ona görə də Qocanın cəzalandırdığı hərfləri udaraq xilas edir. Qədim türk dilinə istinad edərək adını “Til” qoydum.

Sizcə əsərdəki simvol və metaforaları uşaq oxucu hiss edə bilirmi, yoxsa bu daha çox böyüklər üçün gizli qatdır? Həm böyüklər, həm kiçiklər üçündür. Balaca oxucular simvolları, motivlərin anlamını, matofaraları, bəlkə də, dərindən başa düşməzlər. Amma bu metaforalar şüuraltına təsir edir. Məsələn, adətən nağıllarda qəhrəmanlar binar oppozisiyaya uyğun olaraq ya mənfi, ya da müsbət qəhrəman tiplərinə bölünürlər. Amma bu əsərdə tam müsbət və ya tam mənfi obrazlar yoxdur. Mənfi obrazın belə “mənfi” olma səbəbləri var. Həyatda olduğu kimi insanlar müxtəlifdir.

Sizcə uşaq kitabı yazan müəllifin əxlaqi sərhədləri haradan başlayır və harada bitir? Uşaq yazıçısı üçün əxlaqi sərhədlər uşağın dünyasını qorumaqdan başlayır. Mənim üçün bu sərhədlər uşağın təmiz duyğularına, təhlükəsizliyinə və inkişafına hörmətlə yanaşmaq deməkdir. Yazıçı fantaziyasını sərbəst işlədə bilər, amma zorakılığı, nifrəti, ayrı-seçkiliyi və ya uşağın psixologiyasına zərər verə biləcək mövzuları cazibədar göstərməməlidir. Əxlaqi sərhəd o yerdə bitir ki, müəllif uşağın düşüncə azadlığını, empatiya qabiliyyətini və ümidini gücləndirir. Yəni sərhəd qadağadan çox, məsuliyyət hissidir: uşağa həm maraqlı hekayə təqdim etmək, həm də onu sevgi, dostluq və dürüstlük kimi dəyərlərlə tanış etmək.

Uşaq oxucuya nəsihət vermədən dəyər aşılamaq nə qədər çətindir? İndiki uşaqlara nəsihət vermək böyük ustalıq tələb edir. Çünki onlar açıq öyüd-nəsihəti tez hiss edir və çox vaxt da bu cür nəsihəti qəbul etmirlər. Əgər onlara nəyisə aşılamaq istəyiriksə, bu öyüd-nəsihəti hekayəyə toxumaq lazımdır. Qəhrəmanla empati quran kiçik oxucular qəhrəmanın hərəkətlərini təhlil edir, nəticələr çıxarır və sonda doğru olanı seçir. Yazıçının müdrikliyi birbaşa nəsihətlər şəklində hiss edilməməlidir, onun göstərdiyin yolun işığı hekayədə hiss edilməlidir.

Sizcə bugünki uşaqlar fantaziya ədəbiyyatından nə gözləyir və “Orfolənd” bu gözləntiyə cavab verirmi? İlk öncə, “Bugünki uşaqlar” ifadəsində diqqətli olmaq lazımdır. Çünki indiki uşaqlar həddindən artıq çox informasiya ilə əhatələniblər və fantaziya kitabından gözləntiləri əvvəlkilərdən fərqlidir. Bugünki uşaqlar fantaziya ədəbiyyatından sadəcə sehrli dünyalar gözləmir. Onlar həm macəra, həm də öz həyatları ilə bağlı suallara cavablar axtarırlar. Fantaziya kitabı onların təxəyyülünü genişləndirməli, amma eyni zamanda gündəlik hisslərinə – dostluq, qorxu, ümid, cəsarət – toxunmalıdır. Uşaqlar fantastik hekayələrdə özlərini görmək, qəhrəmanlarla birgə böyümək və çətinlikləri aşmaq istəyirlər. Yəni onlar fantaziyadan həm qaçış, həm də güc gözləyirlər: bir tərəfdən reallıqdan uzaqlaşmaq, digər tərəfdən reallığa daha güclü qayıtmaq.

Sizcə uşaq ədəbiyyatı yazmaq böyüklər üçün yazılan ədəbiyyatdan daha məsuliyyətlidir, yoxsa fərqli cür məsuliyyət tələb edir? “Daha çox” və ya “daha az” olduğunu deyə bilmərəm, sadəcə “fərqli”dir. Uşaq ədəbiyyatı yazmaq böyüklər üçün yazmaqdan fərqli bir məsuliyyət tələb edir. Böyüklər üçün yazıçı daha çox estetik, bədii və intellektual məsuliyyət daşıyır. Uşaq yazıçısı isə həm bunları, həm də uşağın psixoloji inkişafını, duyğularını və dünyagörüşünü nəzərə almalıdır. Yəni məsuliyyətin miqdarı deyil, mahiyyəti dəyişir. Uşağa yazmaq demək, onun gələcək düşüncə və dəyərlərinə toxunmaq deməkdir. Bu, yazıçını daha diqqətli, daha həssas və daha məsuliyyətli edir. Böyüklər üçün yazıda sərhədlər daha genişdir, uşaqlar üçün yazıda isə sərhədlər daha incədir.

“Orfolənd”i oxuyan valideynlər üçün gizli bir mesajınız varmı? Əlbəttə. Övladlarınızı sevin, onlarla birgə vaxt keçirin. Bütün dünya onlara qarşı olsa da, onlara inanın, onların yanında olun, onlara dəstək olun. Necə ki, Aynurun anası qızına inanırdı, onu sevirdi.

Bir pedaqoq kimi fikriniz maraqlıdır: qırmızı xətti keçən uşaqlarla, o xətti keçə bilməyən uşaqların gələcək yolunda hansı fərqlər yaranır? Qırmızı xətti keçmək cəsarət istər. Cəsarətli addımlar insana uğur gətirər. Bəzən biz kifayət qədər savadlı, kifayət qədər səriştəli olsaq da, öz yerimizi tapa bilmirik. Addım atmağa, yeni qərarlar verməyə cəsarət etmirik. Onda da öz sevmədiyimiz vəziyyətimizlə barışmalı oluruq. Odur ki, Aynur kimi qırmızı xətti keçmək lazımdır!

Sizcə müxtəlif ixtisaslar üzrə belə bədii əsərlərin yazılması həmin sahələrin öyrənilməsinə nə dərəcədə müsbət təsir göstərə bilər? Bu istiqamət uşaq ədəbiyyatında aktualdır. Məsələn, türk uşaq ədəbiyyatında “Ege ile Ece”, elə bizdə də “Balabilgə nəşrləri”ndə seriya çap olunmuşdu: “Həkim Bilgə”, “Polis Bilgə” və s. Düşünürəm ki, bu cür kitablar həm peşə seçimi ilə bağlı uşaqlara kömək ola bilər, həm də dünyagörüşünün artırılmasında və ya fənnin tədrisində yardımçı vasitə kimi istifadə oluna bilər.

Doğrudanmı insanın “xətti” onun xarakterinin göstəricisidir? Bu mövzuda elmi və ya psixoloji tədqiqatlar varmı? Bu əsəri yazarkən qrafologiya haqqında çox oxudum. Yazı həm şüurlu, həm də şüuraltı proseslərin təsiri altında formalaşır. İnsanın daxili xüsusiyyətlərini əks etdirə bilər. Lakin bu elmin nəticələri də mübahisəlidir. Amma hansısa şərq ölkəsində belə rəvayət edirdilər ki, məmur işə götürərkən onun xəttinə baxırdılar. Əgər xətti gözəldirsə, deməli, səbrlidir. Şeir yaza bilirsə, deməli, yaradıcı təfəkkürü var. Uşaqlarda da bu belədir. Məktəbəqədər təhsildə hərflər öyrətməzdən əvvəl qırıq-qırıq xətləri birləşdirmək öyrədilir, kiçik motorika inkişaf etdirilir. Bu həm də uşaqlarda diqqəti formalaşdırır. Diqqət, yaddaş, məntiq erkən inkişafın əsasını təşkil edir.

Bəs Sizcə insan öz taleyinin yazısını dəyişə bilərmi? Dəyişə bilər. İstəmək, dua etmək, arzulamaq, o arzuya enerjiyə yükləmək, hətta o arzunu yazmaq belə onun gerçəkləşməsinə yardımçı olacaq. Hətta kitabı əldə edənlər əlavə bir vərəq əldə edir. Lələk muzeyindən gəlmiş mandala. Lələk şəkilli mandalanın arxasında arzunun gerçəkləşməsi üçün qeydlər də var. Əsas nə istədiyini bilmək, vəziyyət xoşuna gəlməyəndə bunu qəbul etmək, bu vəziyyəti dəyişmək istəməkdir. Hər şey anlamaqdan başlayır. İnsan nə istədiyini anlamalıdır. Bunun üçün insan özüylə danışmağı, özünü dinləməyi bacarmalıdır. Bu isə elə də asan deyil.

Söhbətləşdi: oxucu İlahə ÜMİDLİ

31 may 2026-cı il

Seçilən
66
1
heftelik.az

2Mənbələr