AZ

Şəhər həyatı dəri xərçəngi riskini artırır

Böyük şəhərlərdə sürətlə artan betonlaşma və şüşə binaların çoxalması dəri xərçəngi riskini artırır. Mütəxəssislər bildirirlər ki, asfalt və şüşə səthlər günəş şüalarını əks etdirərək dərinin daha çox ultrabənövşəyi  şüalara məruz qalmasına səbəb olur.

QHT.az xarici mediaya istinadən bildirir ki, Türkiyədə Türk Dermatoloji Derneği tərəfindən 1–12 iyun tarixlərində həyata keçiriləcək “ben taraması” kampaniyası çərçivəsində dəri xərçənginin erkən diaqnostikasına diqqət çəkilir. Kampaniya ölkə üzrə maarifləndirmə və müayinələri əhatə edir.

Dərnəyin idarə heyətinin üzvü Başak Yalçın bildirib ki, dəri xərçəngi dünyada ən geniş yayılmış xərçəng növlərindən biridir. Onun sözlərinə görə, bu xəstəliklərin əksəriyyəti həyati təhlükə yaratmasa da, melanom kimi növlər erkən aşkar olunmadıqda ciddi nəticələrə səbəb ola bilər.

Yalçın qeyd edib ki, şəhərlərdə yaşıl sahələrin azalması, asfalt və şüşə səthlərin artması günəş şüalarının daha çox əks olunmasına və nəticədə dəriyə düşən zərərin artmasına gətirib çıxarır. İqlim dəyişikliyi və qlobal istiləşmə də bu riski gücləndirən əsas amillər sırasındadır.

Mütəxəssislər günəşdən qorunmağın vacibliyini vurğulasalar da, yalnız günəş qoruyucu kremlərin kifayət etmədiyini bildirirlər. Günün pik saatlarında açıq havada olmamaq, qoruyucu geyimlərdən istifadə etmək və xüsusilə uşaqları günəşdən qorumaq əsas tövsiyələr arasındadır.

Açıq dərili, açıq göz rənginə sahib şəxslər, uşaqlıqda günəş yanığı keçirənlər və ailəsində dəri xərçəngi olanlar risk qrupuna daxildir. Həkimlər benlərdə ölçü, rəng və forma dəyişikliklərinin ciddi siqnal ola biləcəyini bildirərək, belə hallarda dərhal mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

Piranə Xasiyeva

Seçilən
62
qht.az

1Mənbələr