1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada uşaqların hüquq və mənafelərinin qorunmasına həsr olunmuş əlamətdar tarixdir.
Bu gün uşaqların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsinin vacibliyini ön plana çıxarır. Eyni zamanda, onların təhsil, sağlamlıq, sosial təminat və digər fundamental hüquqlarının təmin olunmasının əhəmiyyətini bir daha xatırladır. Uşaqlara qarşı zorakılıq, ayrı-seçkilik və laqeydlik halları ilə mübarizənin vacibliyini vurğulayan bu gün, cəmiyyətin diqqətini uşaqların rifahının yaxşılaşdırılmasına və onların daha parlaq gələcəyinin qurulmasına yönəldir.
Qeyd edək ki, uşaqların hüquqlarının qorunmasına diqqəti artırmaq məqsədilə təsis edilən bu əlamətdar günün tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. 1925-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilən beynəlxalq tədbirdə uşaqların sağlam inkişafı və rifahı ilə bağlı məsələlər geniş müzakirə olunub. Bir neçə onillik sonra isə bu təşəbbüs beynəlxalq səviyyədə dəstəklənərək rəsmi xarakter alıb və 1950-ci ildən etibarən müxtəlif ölkələrdə qeyd edilməyə başlanıb.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün rəmzi kimi istifadə olunan bayraq da xüsusi məna daşıyır. Yaşıl rəngli fon həyatın davamlılığını və gələcəyə ümidi ifadə edir. Bayrağın mərkəzində yerləşən Yer kürəsi bütün uşaqların ortaq evini simvolizə edir. Onun ətrafındakı müxtəlif rəngli fiqurlar isə milliyyətindən, irqindən və dinindən asılı olmayaraq bütün uşaqların bərabər hüquqlara malik olduğunu, sülh və dostluq şəraitində yaşamaq hüququnu vurğulayır. Bu simvolika dünyada həmrəyliyin, qarşılıqlı hörmətin və birgə gələcəyin əhəmiyyətini əks etdirir.
Onu da bildirək ki, Azərbaycanda uşaqların rifahının təmin olunması, onların hüquqlarının müdafiəsi və sağlam inkişafı dövlətin sosial siyasətində mühüm yer tutur. Gənc nəslin təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması və öz potensialını reallaşdırması üçün ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif dövlət proqramları və layihələr icra olunur.
Ölkədə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılır. Xüsusilə həssas kateqoriyadan olan uşaqların, o cümlədən şəhid ailələrinin övladlarının sosial təminatı və mənəvi dəstəyi daim diqqət mərkəzində saxlanılır.
Son illər uşaqların hərtərəfli inkişafına xidmət edən təhsil, səhiyyə və sosial layihələrin əhatə dairəsi daha da genişləndirilib. Məqsəd hər bir uşağın hüquqlarının qorunmasına, onların sağlam, savadlı və vətənpərvər vətəndaş kimi formalaşmasına əlverişli şərait yaratmaqdır. Bu istiqamətdə görülən işlər uşaqların xoşbəxt gələcəyinin təmin edilməsinə və cəmiyyətin davamlı inkişafına mühüm töhfə verir.
Günel Cəlilova