“Şəfa”nın kapitanı Emin Zamanov klubda qalmayacaq.
Paytaxt təmsilçisinin II Liqadan I Liqaya, ardınca Premyer Liqaya yüksəlməsində xidmətləri olmuş yarımmüdafiəçi özünə başqa iş yeri tapmaq məcburiyyətində qalıb.
Buna səbəb 28 yaşlı futbolçunun rəhbərliklə fikir ayrılığı yaşamasıdır. Başqa cür desək, Emini daha “Şəfa”da görmək istəmirlər.
Baş məşqçi Elgiz Kərəmliyə göstərilən münasibət eynilə kapitana qarşı tətbiq olunub.
Buna baxmayaraq, Zamanovun karyerasını Premyer Liqada davam etdirəcəyi dəqiqdir.
2023/24 mövsümündə I Liqada şərəfini qoruduğu və çempion adınmı qazandığı “Şamaxı” onun xidmətində maraqlıdır. Tərəflər arasında söhbət olsa da, razılıq əldə olunmayıb.
Səbəb “İmişli”nin də Eminə müqavilə təklif etməsidir.
Futbolçu seçim qarşısındadır – iki bölgə komandasından birini seçməlidir.
Emin Zamanov son 3 ildə 2 dəfə I Liqanın çempionu olub.
HƏBİB / SPORTİNFO.AZ