AZ

Qətər Hörmüz boğazından keçid haqqının müzakirə oluna biləcəyini bildirib

Doha müvəqqəti ödəniş mexanizminin gəmiçiliyin normallaşmasına kömək edə biləcəyini qeyd edib...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Qətər Hörmüz boğazından keçid üçün daimi və hüquqi baxımdan təsbit olunmuş ödənişlərin tətbiqinə qarşı çıxsa da, müvəqqəti keçid haqqının danışıqlar mövzusu ola biləcəyini açıqlayıb.

Məlumata görə, yüksəkvəzifəli Qətər rəsmisi bildirib ki, belə bir müvəqqəti ödəniş mexanizmi regionda gəmiçiliyin yenidən normallaşdırılmasına kömək göstərə və strateji əhəmiyyət daşıyan su yolunda hərəkətin bərpasını sürətləndirə bilər.

“Daimi və hüquqi baxımdan təsbit olunmuş keçid rüsumlarını dəstəkləmirik, lakin müvəqqəti ödəniş məsələsi müzakirə predmeti ola bilər və bu, Hörmüz boğazında normal gəmiçiliyin bərpasına yardım edə bilər”, deyə yüksəkvəzifəli rəsmi bildirib.

Bloomberg-in məlumatına əsasən, Hörmüz boğazı qlobal enerji bazarları üçün əsas marşrutlardan biri hesab olunur və dünya üzrə neft və mayeləşdirilmiş qaz tədarükünün əhəmiyyətli hissəsi məhz bu su yolu vasitəsilə həyata keçirilir. Buna görə də bölgədə təhlükəsizlik, keçid məhdudiyyətləri və mümkün rüsumlarla bağlı müzakirələr beynəlxalq enerji bazarlarında yaxından izlənilir.

Son dövrlərdə Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlıqların artması və gəmiçilik marşrutlarında fasilələrin yaranması ehtimalı region ölkələri ilə beynəlxalq tərəfdaşlar arasında yeni diplomatik müzakirələri gündəmə gətirib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr