AZ

Ermənistanda seçkilər ikinci tura qala bilər

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ermənistanda iyunun 7-də keçiriləcək partlament seçkilərinin fəal rəqabət və Rusiya ilə Qərb arasında maraqlar qarşıdurması müstəvisində keçəcək.

Yəni Ermənistanın gələcək siyasi taleyinin və Cənubi Qafqazın gələcək geopolitik landşaftının həmin seçkilərdə müəyyən olunacağı proqnozlaşdırılır.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə yüksək səs çoxluğu ilə qalib gələrsə,  Ermənistanın Avropa İttifaqı və ABŞ ilə daha da yaxınlaşacağı, Azərbaycanla sülh müqaviləsinin imzalanacağı, Türkiyə ilə sərhədlərin açılması gözlənilir.

Buna nail olmaq üçün hakim partiyanın parlamentdəki səs çoxluğunu qoruyub saxlaması, yaxud konstitusion çoxluğa malik olması lazımdır. 

Müxalifətin qələbə qazanması Ermənistanı yenidən Rusiyanın forpostuna çevirə bilər. Bu halda Ermənistan Azərbaycanla sülh müqaviləsindən və kommunikasiyaların açılmasından imtina edə bilər. Hadisələrin belə inkişafı bölgədə münaqişənin bərpa olunması ehtimalını artırır.   

Ona görə də seçkilərin mümkün nəticələrini proqnozlaşdırmaq üçün müxtəlif rəy sorğuları üzərindən hesablamalar aparılır. Bütün sorğular Paşinyan komandasının hakimiyyətdə qalacağını göstərir.

Yəni “Vətəndaş Müqaviləsi” partiyasına səs vermək istəyənlərin sayı üstünlük təşkil edir. Lakin ümumi göstəricilər hakim partiya üçün bir sıra problemlərin hələ qaldığından xəbər verir.

Bunlardan biri 2021-ci ilin iyun seçkilərindən fərqli olaraq, “Vətəndaş Müqaviləsi” partiyasının bu dəfə 50 faizdən artıq səs toplaya bilməmək ehtimalıdır. Beynəlxalq  Respublikaçılar İnstitutunun keçirtdiyi sosisoloji sorğuda respondentlərin 38 faizindən çoxu Nikol Paşinyanı dəstəkləməsi onun reytinq siyahısında birinci mövqeyini gücləndirib. 

Lakin buna paralel olaraq, Ermənistan analitikləri “Yerdə qalan 62 faizi hansı siyasi qüvvə qazanacaq” sualına cavab axtarmağa başlayıblar. Bu hesablama Paşinyan üçün uğurlu nəticə vəd etmir.

Ekspertlər hesab edir ki, sabiq prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku, milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” bloku və Qagik Tsarukyanın  “Çiçəklənən Ermənistan” partiyası birlikdə mandatların 60 faizini qazanarsa, bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq.

Ayrılıqda isə bu siyasi qüvvələrin qeyd edilən nəticəni əldə etmək imkanı yoxdur. Eyni zamanda, müxsalifətin də şansları yüksək görünmür. Respondentlərin 7 faizi “Güclü Ermənistan”a, 4 faizi “Ermənistan” blokuna, 3,3 faizi isə “Çiçəklənən Ermənistan” partiyasına səs verməyə hazır olduğunu bildirib.

Samvel Karapetyanın və Robert Köçəryanın liderlik etdiyi seçki bloklarının parlamentə düşməsi üçün 10 faizlik barajı keçməsi lazım olduğunu nəzərə alsaq, xeyli sayda deputat yeri qazanmaq imkanı azdır.

Hətta Köçəryanın qalib gəlmək imkanı ən yaxşı halda bir neçə mandat qazanmaqla yekunlaşa bilər. “Çiçəklənən Ermənistan” partiyası isə seçkilərə blok şəklində deyil, ayrılıqda getdiyindən 4 faizlik seçki barajını aşmaq və bir neçə mandat qazanmaq imkanına malikdir. 

Mövcud konstitusiyaya görə, heç bir siyasi qüvvə 50 faizdən artıq səs toplamasa, ya ən çox səs toplayan partiya digəri ilə koalisiya qurmalı, ya da mütləq sabit çoxluğu formalaşdırmaq üçün seçkilərin ikinci turu keçirilməlidir.

Ermənistanda hazırkı vəziyyətin təhlili Ermənistanda “Vətəndaş Müqaviləsi” partiyasının minimum 50 faiz səs qazanmayacağı təqdirdə, seçkilərin ikinci turunun keçirilməsi ehtimalının artdığını göstərir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr