AZ

Yaponiya əhalisi son beş ildə rekord sayda azalıb

Yaponiya əhalisi son beş ildə rekord sayda azalıb

Sürətlə qocalan əhalisi və doğum səviyyəsindəki xroniki azalma ilə mübarizə aparan Yaponiyada rəsmi siyahıyaalmanın son açıqlanan nəticələri demoqrafik böhranın miqyasını növbəti dəfə gözlər önünə sərib.

AFN.az xəbər verir ki, hökumətin bütün təşviq və tədbirlərinə baxmayaraq, son beş ildə yaşanan rekord azalma ilə ölkə əhalisi 3 milyondan çox azalaraq tarixi geriləmə qeydə alıb.

Hər beş ildən bir keçirilən siyahıyaalmanın nəticələrinə görə, ölkə əhalisi son beş illik dövrdə 2,5 faiz azalaraq 123 milyona düşüb.

Bu azalma siyahıyaalmaların başladığı 1920-ci ildən bəri qeydə alınan ən böyük əhali itkisi kimi tarixə düşüb.

Ardıcıl olaraq üç dövrdür əhalisi nizamlı şəkildə azalan ölkədə ölüm hallarının doğum göstəricilərini qat-qat üstələməsi bu tarixi ərimənin əsas səbəbi kimi göstərilir.

Monakodan sonra dünyanın ən qoca ikinci əhalisinə sahib olan Yaponiyada uşaq əhalisinin nisbəti də 10,8 faizlə qeydiyyatların aparılmağa başladığı 1950-ci illərdən bəri ən aşağı səviyyəyə geriləyib.

Ölkədəki demoqrafik qeyri-bərabərlik bölgələr arasındakı uçurumu da dərinləşdirir.

Siyahıyaalmanın nəticələrinə əsasən, paytaxt Tokio və Okinava istisna olmaqla, digər bütün prefekturalarda əhali sürətlə azalır.

Tokionun əhalisi 1,4 faiz artsa da, rəsmilər bu həddindən artıq sıxlığın qarşısını almaq, insanları və biznesi kənd yerlərinə cəlb etməklə əhali paylanmasını tarazlaşdırmaq üçün yeni addımların atılmasının vacibliyini vurğulayırlar.

Əhali böhranına qarşı miqrant işçi qüvvəsi bir alternativ olaraq görülsə də, ölkədəki siyasi meyllər bu məsələdə ehtiyatlı mövqe nümayiş etdirir.

Yaponiyada yaşayan xarici vətəndaşların sayı rekord həddə — 3,2 milyon nəfərdən çox olsa da, ölkədə miqrasiya siyasətində daha sərt mövqe tutan liderlərin hakimiyyətdə olması xarici işçi qüvvəsinin daimi əhali həlli kimi istifadəsini çətinləşdirir.

Yaponiya hökuməti uşaq böyüdən ailələrə maliyyə yardımlarının artırılması kimi təşviqlərin indiyə qədər gözlənilən nəticəni vermədiyini qəbul edir.

Əhalidəki bu ciddi itkinin qarşısını almaq üçün 2030-cu ilə qədər olan dövrü vəziyyəti dəyişmək üçün son şans olaraq görən rəsmilər böhrana qarşı daha genişmiqyaslı və radikal tədbirləri işə salmağı planlaşdırırlar.

Seçilən
29
afn.az

1Mənbələr