"Məktəblilərə imtahan ərəfəsində bütün materialı yenidən öyrənməyə çalışmaq deyil, qüvvələrini düzgün bölüşdürmək və psixoloji olaraq hazırlaşmaq tövsiyə olunur".
Redaktor.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı pedaqoq-psixoloqu Natalya Morozova danışıb.
Mütəxəssisin sözlərinə görə, imtahana bir gün qalmış əsas hazırlıq artıq yekunlaşmalıdır. Bu mərhələdə yeni mövzular öyrənməyə çalışmaq əvəzinə əsas mövzuları, düsturları və qaydaları təkrarlamaq daha faydalıdır.
Psixoloq biliklərin sistemləşdirilməsi üçün qısa plan və vizual sxemlərdən istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu üsul mövzular arasındakı əlaqələri daha yaxşı görməyə və imtahan zamanı lazım olan məlumatı tez xatırlamağa kömək edir.
Mütəxəssis istirahətin də hazırlığın vacib hissəsi olduğunu vurğulayıb. Bildirilib ki, fasilələr diqqəti qorumağa və stres səviyyəsini azaltmağa kömək edir. Bununla yanaşı, gəzinti və idman kimi aktiv istirahət növlərini kitab oxumaq, musiqi dinləmək və dostlarla ünsiyyət kimi sakit fəaliyyətlərlə növbələşdirmək faydalıdır.
Morozova yuxuya xüsusi diqqət yetirməyi də məsləhət görüb. Onun sözlərinə görə, imtahanlara hazırlıq dövründə gündə ən azı yeddi-səkkiz saat yatmaq və mümkün qədər eyni saatda yatıb oyanmaq vacibdir. Yuxusuzluq yaddaşa, diqqətə və ümumi vəziyyətə mənfi təsir göstərə bilər ki, bu da imtahan nəticələrinə təsirsiz ötüşmür.
Psixoloq yatmazdan yarım saat əvvəl smartfon, planşet və kompüterdən istifadə etməməyi, bunun əvəzinə kitab və ya jurnal oxumağı tövsiyə edib. O qeyd edib ki, isti bitki çayı və nəfəs məşqləri də rahatlamağa kömək edir.
Həyəcanı azaltmağın digər üsullarından biri isə uğurun zehində canlandırılmasıdır. Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl imtahanın sakit keçdiyini, suallara inamla cavab verildiyini və yüksək nəticə əldə olunduğunu təsəvvür etmək faydalıdır.