AZ

KİV: "New Glenn" raketinin partlayışı "Blue Origin"in Ay proqramını bir il gecikdirə bilər

BAKI, 30 may. TELEQRAF

"Blue Origin" şirkətinin ağır yükdaşıyan "New Glenn" raketinin partlayışı şirkətin NASA-nın Ay proqramındakı iştirakını təxminən bir il gecikdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Florida ştatındakı Kanaveral burnu kosmodromunda baş verən partlayış ABŞ Prezidenti Donald Trampın 2028-ci ildə amerikalı astronavtları yenidən Aya göndərmək və burada baza yaratmaq planlarını təhlükə altına qoya bilər.

Məlumata görə, "Blue Origin" şirkətinin "New Glenn" raketi vasitəsilə Ay səthinə Blue Moon eniş modulunun çatdırılması nəzərdə tutulurdu.

"Politico" yazır ki, partlayış nəticəsində yaranmış zərərin aradan qaldırılması üçün aylarla vaxt tələb oluna bilər. Nəşrin həmsöhbəti olan NASA-nın keçmiş əməkdaşlarından birinin qiymətləndirməsinə görə, buraxılış meydançasında meydana gələn zədələr şirkətin Ay missiyasına töhfəsini bir ilədək gecikdirə bilər.

Qeyd edək ki, "New Glenn" raketi mühərrik sisteminin sınaqları zamanı partlayıb.

"Blue Origin" şirkətinin rəhbəri Ceff Bezos hadisənin səbəblərinin hələ müəyyən edilmədiyini bildirib.

Şirkət "X" sosial şəbəkəsində yaydığı açıqlamada sınaqlar zamanı qeyri-adi vəziyyət yarandığını qeyd edib. Hadisə nəticəsində əməkdaşlar arasında xəsarət alan olmayıb.

Seçilən
59
teleqraf.com

1Mənbələr