AZ

Rusiyada milyarderin aqrar imperiyası Patruşevlərin nəzarətinə keçdi?

Rusiyada iri biznesin dövlət nəzarətinə keçirilməsi ilə bağlı yeni və diqqətçəkən addım atılıb.

Musavat.com xəbər verir ki, RBK saytının məlumatına görə, milyarder Vadim Moşkoviçdən alınaraq milliləşdirilən “Rusagro” aqrar holdinqi dövlətə məxsus “Rosselkhozbank”ın idarəçiliyinə verilib.

Məqalədə qeyd olunur ki, Rusiyanın kənd təsərrüfatı sektorunda ən böyük oyunçulardan biri sayılan “Rusagro” ölkədə donuz əti istehsalına görə ikinci, şəkər istehsalına görə isə üçüncü yerdədir. Holdinq həmçinin 800 min hektardan çox kənd təsərrüfatı torpağına sahibdir.

Şirkətin idarəçiliyi Rosselxozbankın törəmə strukturu olan “RSHB Finans”a həvalə olunub. Bu detal isə Rusiyada siyasi əlaqələr fonunda xüsusi diqqət çəkir. Belə ki, "Rosselxozbank"a 2010–2018-ci illərdə keçmiş Təhlükəsizlik Şurasının katibi Nikolai Patruşevin oğlu Dmitri Patruşev rəhbərlik edib.

Dmitri Patruşev daha sonra kənd təsərrüfatı naziri təyin olunub, 2024-cü ildə isə aqrar-sənaye kompleksinə nəzarət edən baş nazir müavini postuna yüksəlib. Bu səbəbdən bəzi müşahidəçilər Rusagronun yeni idarəçiliyini Kremlin təsir dairəsində olan güclü siyasi klanların mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirlər.

Məlumata görə, Rosselxozbank daha əvvəl də milliləşdirilən iri ərzaq istehsalçılarını nəzarətə götürüb. Bunlar arasında makaron istehsalçısı “Makfa” və Rusiyanın ən böyük şərab istehsalçılarından biri olan “Kuban-Vino”nun daxil olduğu “Ariant” qrupu da var.

"Rosselxozbank" isə “Vedomosti” qəzetinə açıqlamasında Rusagronun idarəçiliyinin banka verilməsini aqrar sahə üzrə təcrübə və kənd təsərrüfatındakı institusional rolu ilə izah edib.

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr