
Ceff Bezosun kosmos şirkəti "Blue Origin"ə məxsus nəhəng "New Glenn" raketinin mühərrik sınağı zamanı partlaması, şirkətin NASA qarşısında götürdüyü öhdəlikləri və ABŞ-ın Ayda daimi baza yaratmaq qrafikini böyük qeyri-müəyyənliyə sürükləyib.
AFN.az xəbər verir ki, Floridadakı Kennedi Kosmik Mərkəzində keçirilən rutin mühərrik sınağı zamanı baş verən partlayış göy üzünü alov topuna çevirib.
Şans nəticəsində hadisə zamanı xəsarət alan olmasa da, "Kompleks 36" (LC-36) fırlatma sahəsinə çox ciddi ziyan dəyib.
Partlayışın şiddətindən meydançadakı ildırımdan qorunma qüllələrindən biri aşıb.
Dünyada 98 metr uzunluğundakı "New Glenn" raketini fırlada biləcək yeganə obyektin bura olması o deməkdir ki, fırlatma meydançası tamamilə təmir olunub yenidən sertifikatlaşdırılana qədər "Blue Origin" özünün ən böyük raketini uçura bilməyəcək.
Ekspertlər bu prosesin həftələr deyil, aylar çəkəcəyini təxmin edirlər.
Bu böyük əməliyyat itkisi NASA-nın Ayın cənub qütbünə daimi yerləşmə planlarını açıqlamasından cəmi bir neçə gün sonraya təsadüf edib.
2026-cı ilin payızında keçirilməsi planlaşdırılan və "Moon Base 1" layihəsinin ilk addımını təşkil edəcək elmi missiyanın məhz bu partlayan raket modeli ilə fırladılması nəzərdə tutulurdu.
Bundan əlavə, NASA-nın astronavtlar getməzdən əvvəl bölgəyə çatdırılması üçün "Blue Origin"lə imzaladığı 468 milyon dollarlıq Ay avtomobili (rover) müqaviləsi də birbaşa bu raketdən asılı vəziyyətdədir.
Yaşanan qəza 2028-ci il üçün hədəflənən insanlı Ay enişi qrafikinin ciddi şəkildə təxirə salınması riskini yaradıb.
Partlayış Ceff Bezosun digər böyük investisiyası olan və İlon Maskın "Starlink" şəbəkəsinə rəqib olaraq hazırlanan "Amazon Leo" (əvvəlki adı ilə "Project Kuiper") genişzolaqlı internet peykləri üçün də böyük maliyyə böhranına yol açıb.
Raketin iyunun əvvəlində bu şəbəkəyə məxsus 48 peyki orbitə çıxarması planlaşdırılırdı.
Lisenziya qaydalarına görə 2026-cı ilin iyul ayına qədər minlərlə peykini orbitə yerləşdirmək məcburiyyətində olan "Amazon" artıq qrafikdən çox geri qalıb.
"New Glenn"in aylarla anqara çəkiləcəyi səbəbindən Ceff Bezos peyklərini fırlatmaq üçün ən böyük rəqibi olan İlon Maskın "SpaceX" şirkətindən daha çox asılı vəziyyətə düşəcək.
NASA-nın gələn il reallaşdırmağı planlaşdırdığı "Artemis III" insanlı Ay missiyası sınaqlarında "Blue Origin" indiyə qədər rəqibi "SpaceX" ilə müqayisədə daha hazır mövqedə görünürdü.
Lakin bu partlayış balansları tamamilə dəyişdi.
ABŞ tərəfi fırlatma meydançasını yenidən inşa etmək və raket sistemlərini yoxlamaq üçün vaxt itirərkən, ən geci 2030-cu ilə qədər astronavtlarını Aya endirməyi hədəfləyən Çin kosmos yarışında böyük üstünlük əldə etmiş oldu.
NASA rəsmiləri kosmik uçuşların amansız olduğunu və ağır yük raketləri hazırlamağın çətinliyini qəbul etsələr də, Ay proqramının gələcək fırlatma tezliyi artıq ciddi şəkildə sual altına düşüb.