
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasının Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 16-cı dəfə bütün xarici enerji təminatını müvəqqəti olaraq itirdiyini bildirib.
AFN.az xəbər verir ki, MAQATE-nin "X" hesabından Zaporojye Atom Elektrik Stansiyasındakı mövcud vəziyyətlə bağlı bəyanat yayılıb.
Açıqlamada stansiyanın müharibənin başlanmasından bu yana 16-cı dəfə obyekt xaricindən gələn bütün enerji mənbələrindən məhrum olduğu diqqətə çatdırılıb.
Bir saat davam edən kəsinti zamanı qəza dizel generatorlarının işə düşdüyü qeyd olunan bəyanatda həmçinin MAQATE rəhbəri Rafael Mariano Qrossinin fikirlərinə yer verilib.
Qrossi hadisənin səbəbinin hələlik məlum olmadığını, lakin bu vəziyyətin nüvə təhlükəsizliyinin hələ də risk altında olduğunu göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyası hesab olunur.
Rusiya ordusu Ukraynada müharibə başladıqdan sonra 2022-ci ilin martında stansiyanın nəzarətini ələ keçirmişdi.
Stansiyanın ətrafı müharibənin başlanmasından bəri bir neçə dəfə hərbi hədəfə çevrilib.