AZ

İyuldan əvvəl qarpız yemək olarmı?

Havalar isindikcə Bakı bazarlarında yay mövsümünün “ən cazibədar siması” olan qarpız da piştaxtalarda görünməyə başlayıb. İyun ayı hələ təqvimdə yerini almamış olsa da, alça, çiyələk və gilasla yanaşı, artıq qarpız da satışa çıxarılıb. Bir tərəfdə yayın dadına tez çatmaq istəyən alıcılar, digər tərəfdə isə “hələ mövsümü deyil” deyib ehtiyatlananlar var Məsələ isə təkcə dad və istək deyil, erkən yetişən qarpızların sağlamlığa təsiri barədə suallar getdikcə daha çox gündəmə gəlir.

Bəs mövsümündən əvvəl süfrəyə gələn və kilosu 2 manat 50 qəpiyə satılan bu iri giləmeyvə həqiqətən yay sevincidir, yoxsa riskli seçim?

Qida üzrə mütəxəssis Asim Vəliyev Musavat.com-a açıqlamasında bildirib ki, ən təhlükəsiz qarpız iyulun ortasından sonra yeyiləndir:

“Əsl qarpız mövsümünün iyulun ortalarında başladığı üçün haqlı olaraq mayda qarpız gördükdə narahatlıq hissi keçiririk. May ayında satılan qarpızların erkən yetişməsinin əsas səbəbi isti ölkələrdən gətirilməsi və istixana şəraitində yetişdirilməsidir. Bu qarpızları yemək mütləq şəkildə zəhərlənməyə səbəb olacaq deyə bir qayda yoxdur. Amma aqrotexniki qaydalara əməl edilməyibsə, nitrat zəhərlənməsi riski mövsüm qarpızlarına nisbətən daha yüksəkdir.

May ayında bazarda olan qarpızların bir hissəsi iqlimi bizdən daha isti olan ölkələrdən gətirilir. Orada təbii mövsüm daha tez başladığı üçün bu qarpızlar təbii yolla yetişmiş ola bilər. Yerli təsərrüfatlarda isə qarpız tağları erkən yazda xüsusi örtüklər altında əkilir. Torpağın süni qızdırılması və aqrotexniki qulluqla məhsul vaxtından 1 ay, ya da daha tez yığılır. Məhsulun tez yetişməsi və iriləşməsi üçün bəzən azotlu gübrələrdən normadan artıq istifadə edilir. Bitki tərəfindən sorulan nitratlar meyvənin ətli hissəsində toplanır. İnsan orqanizminə daxil olduqda bu nitratlar daha təhlükəli olan nitritlərə çevrilir. Nitritlər qandakı hemoqlobinlə birləşərək onu methemoqlobinə çevirir. Nəticədə qida zəhərlənməsi əlamətləri, ürəkbulanma, qusma və halsızlıq baş verə bilir. Qarpızı kəsərkən içindəki damarlar ağ deyil, tünd sarı, ya qalın daxili liflər şəklindədirsə, həddindən artıq gübrə istifadəsinin əlamətidir.

asim.jpg

Həmçinin kəsilmiş səth hamar, parıltılı olmamalıdır. Təbii qarpızın daxili dənəvər quruluşda olur. Qarpız yerlə birbaşa təmasda yetişdiyi üçün qabığında salmonella kimi təhlükəli bakteriyalar ola bilər. Qarpızı kəsməzdən əvvəl axar su altında yaxşıca yumalıyıq. Heç bir halda dilimlənmiş və üzəri açıq qalmış qarpızları almamalıyıq. Kəsildiyi andan etibarən qarpız bakteriyaların çoxalması üçün ideal mühit sayılır. Otaq temperaturunda 2 saatdan artıq qalmamalıdır. Qalan hissəni dərhal soyuducuya yerləşdirməliyik.

Erkən mövsüm qarpızlarındakı potensial nitrat miqdarı azyaşlı uşaqların və hamilə qadınların həzm və qan sisteminə daha tez mənfi təsir göstərə bilər. Bu qrupların iyul-avqust aylarına qədər gözləməsi ən təhlükəsiz seçim olar”.

rəcəb.jpg

Aqrar sahə üzrə ekspert, Naxçıvanın keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov isə deyib ki, qarpızdan zəhərlənmə düzgün yetişdirilmədiyi halda baş verir:

“Hazırda açıq sahədə yetişdirilən bostan məhsulları demək olar ki, bazara hələ çıxmayıb. Zəhərlənmənin əsas səbəbi düzgün gübrələmənin olmamasının nəticəsidir. Məhsula azot gübrəsi çox verildikdə onda ammonyak azotu toplanır ki, bu da zəhərlənmə yaradır. Hər məhsulu öz mövsümündə yemək daha məqsədəuyğundur. Doğrudur, açıq ərazidə yetişdirilən qarpızlarda da zəhərlənmə olur. Lakin parniklərdə yetişdirilən qarpızlardan daha az zəhərlənmə baş verir. Məsləhət görərdim ki, iyulun ikinci yarısından başlayaraq yeyilsə, daha yaxşı olar”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr