Artıq əksər şagirdlərin şəxsi telefonu var və bu, məktəblərdə də özünü göstərir. Dərs zamanı telefondan istifadə, sosial şəbəkələrə giriş və diqqət dağınıqlığı ilə bağlı müəllimlərin şikayəti müəyyən məhdudiyyətləri gündəmə gətirib. Bəzi insanlar isə müasir dövrdə telefonun dərs zamanı da faydalı ola biləcəyini düşünür. Məsələn, şagird hansısa məlumatı anında axtarmaq və ya əlavə material tapmaq üçün şəxsi telefonundan yararlana bilər.
Hazırda bu məsələ ölkədə necə tənzimlənir? Dərs zamanı elektronik cihazdan istifadəyə icazə vermək yaxud məhdudiyyət tətbiq etmək olarmı?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, təhsildə süni intellekt tətbiq edilirsə, telefonu qadağa qoymaq mübahisəli məsələdir:
“Biz artıq inkişaf etmiş dövrə daxil olmuşuq və bu mərhələdə təkcə telefon yox, süni intellektin də təhsilə və məktəblərə inteqrasiyasını müşahidə edirik. Bir sıra təhsil təcrübəsi güclü olan Avropa ölkələrinin məktəblərində telefon qadağası tətbiq olunub.
Azərbaycanda isə daha çox məhdudiyyətlər tətbiq olunur, məsələn, şagird məktəbə telefon gətirə bilir, amma dərs zamanı istifadəsi qadağandır. Bu halda isə onun harada saxlanması ilə bağlı əlavə qaydalar olmalıdır. İnternetdən asılı bir dövrdə ümumi qadağa təşəbbüsü irəli sürsək belə, bu işlək mexanizm olmayacaq. Ona görə də Azərbaycanda bu qanun hələ işlənilir və ehtiyatla addımlar atmağı düşünürlər.
Bir şagird müəllimindən əvvəl internet üzərindən informasiyanı ala bilirsə, o halda xüsusilə yuxarı sinif şagirdlərinə bunu qadağan etmək inkişafa qarşı çıxmaqdır”.
M.Məmmədli bildirir ki, siniflər üzərindən bölgülər aparılmalı, aşağı sinif şagirdlərinə müəyyən məhdudiyyətlər tətbiq edilməlidir:
“Burada daha qlobal səviyyədə düşünmək lazımdır. Məsələn, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində məsələnin yaş kateqoriyasına görə bölünməyi planlanmalıdır. Ümumilikdə bu məsələ ilə bağlı dünya səviyyəsində təkliflər və müzakirələr var, beynəlxalq təşkilatlar müəyyən araşdırmalar aparırlar”.
Təhsil eksperti hesab edir ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı qaydaların sərtləşdirilməsi fayda verməyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta