Bakıda keçmiş məhkum xaricdə yaşayan tanışına qarşı hiyləgər üsulla dələduzluq edib.
Publika.az xəbər verir ki, 44 yaşlı Vüsal ortaq tanışının vasitəsilə əlaqə qurduğu Anarın 8 min manat pulunu ələ keçirib.
Ən maraqlısı isə onun qurduğu plan olub. Uzun illərdir Bəhreyn Krallığında yaşayan və homoseksual olan Anarın Bakıya gəlmək istədiyini eşidən Vüsal onunla vatsap vasitəsilə əlaqə saxlayıb. O, Anarı inandırmağa çalışıb ki, guya Azərbaycanda cinsi azlıq olmaq cinayət sayılır və buna görə də ölkəyə girişinə “stop” qoyulub. Hətta deyib ki, homoseksual olduğu üçün hava limanına çatan kimi tutulacaq.

Buradakı qanunlardan xəbərsiz olan Anar Vüsalın bu sözlərinə inanaraq ondan kömək istəyib. Artıq planı işə keçən Vüsal bu məsələni çətin də olsa həll edə biləcəyini deyib. O, əvvəlcə girişə qoyulan qadağanın aradan qaldırılması üçün Anardan 8 min manat alıb və pulu guya hüquq-mühafizə orqanlarında çalışan tanışına verəcəyini bildirib.