Bakı, 28 may, AZƏRTAC
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri regionun iqtisadi potensialının sürətli şəkildə dirçəldilməsinə imkan yaradır. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar, müasir infrastruktur layihələri, kənd təsərrüfatı təyinatlı torpaqların yenidən istifadəyə verilməsi və innovativ yanaşmalar bölgənin yaxın illərdə Azərbaycanın əsas aqrar inkişaf mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur tarixən Azərbaycanın kənd təsərrüfatı baxımından ən məhsuldar bölgələrindən biri olub.
“Sovet dövründə bu ərazilər taxılçılıq, pambıqçılıq, üzümçülük, heyvandarlıq və digər kənd təsərrüfatı sahələri üzrə ölkənin əsas istehsal zonaları sırasında yer alırdı. İşğal dövründə regionun kənd təsərrüfatı infrastrukturu ciddi dağıntılara məruz qalsa da, hazırda həyata keçirilən genişmiqyaslı dövlət proqramları nəticəsində həmin potensial yenidən bərpa olunur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni yollar çəkilir, elektrik enerjisi, qaz və su xətləri yenidən qurulur, meliorasiya sistemləri bərpa edilir. Müasir logistika və kommunikasiya imkanlarının yaradılması kənd təsərrüfatının inkişafı üçün geniş perspektivlər açır. Azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı kənd” konsepsiyası regionun gələcək inkişaf modelində xüsusi yer tutur. Kənd təsərrüfatında rəqəmsal idarəetmə, müasir texnologiyalar və innovativ həllərin tətbiqi məhsuldarlığın artırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan verəcək. Dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan müasir aqrar texnologiyaların Qarabağ və Şərqi Zəngəzurda istifadəsi bu bölgələri regionun ən müasir kənd təsərrüfatı mərkəzlərindən birinə çevirə bilər. Qarabağ və Şərqi Zəngəzurun təbii-coğrafi xüsusiyyətləri aqrar sektorun müxtəlif istiqamətlər üzrə inkişafı üçün olduqca əlverişlidir. Bölgənin münbit torpaqları, zəngin su ehtiyatları və əlverişli iqlim şəraiti əkinçilik, bağçılıq, heyvandarlıq, arıçılıq və üzümçülük kimi sahələrin inkişafı üçün geniş imkanlar yaradır. Vaxtilə Qarabağ üzümçülük və şərabçılıq ənənələri ilə tanınırdı. Bu ənənələrin yenidən dirçəldilməsi həm iqtisadi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır”, - deyə İctimai Birliyinin sədri qeyd edib.
Aqil Camal vurğulayıb ki, regionda aqrar sektorun inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək: “Bu gün dünyada baş verən iqtisadi və geosiyasi proseslər fonunda ərzaq təhlükəsizliyi strateji məsələlərdən biridir. Qarabağ və Şərqi Zəngəzurun geniş aqrar potensialı Azərbaycanın daxili bazarının yerli məhsullarla təmin olunmasına əlavə imkanlar yaradacaq. Bölgədə kənd təsərrüfatının inkişafı ilə yanaşı, aqrar sənaye müəssisələrinin yaradılması da xüsusi əhəmiyyət daşıyır. Məhsulların emalı müəssisələrinin qurulması həm əlavə iqtisadi dəyərin formalaşmasına, həm də yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Aqrar sahənin inkişafı yalnız xammal istehsalı ilə məhdudlaşmamalıdır. Müasir emal sənayesinin formalaşdırılması ixrac imkanlarını artırmaqla yanaşı, regionun iqtisadi dayanıqlığını da gücləndirəcək. İşğaldan azad olunmuş ərazilərə insanların qayıdışı və yeni yaşayış məntəqələrinin qurulması kənd təsərrüfatının inkişafı ilə birbaşa bağlıdır. İnsanların doğma torpaqlarında yaşaması və məşğulluğunun təmin olunması dayanıqlı inkişafın əsas şərtlərindən biridir. Aqrar sektor bu baxımdan bölgədə sosial rifahın yüksəlməsində mühüm rol oynayacaq”.
Aqil Camal hesab edir ki, Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə Azərbaycanın qeyri-neft sektorunun inkişafında aparıcı bölgələrdən birinə çevriləcək. Onun sözlərinə görə, kənd təsərrüfatı ilə yanaşı, turizm, yaşıl enerji və logistika imkanlarının inkişafı regionun ümumi iqtisadi potensialını daha da artıracaq.
O vurğulayıb ki, dövlətin həyata keçirdiyi kompleks inkişaf strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzur yalnız iqtisadi baxımdan deyil, həm də sosial, demoqrafik və mədəni baxımdan ölkənin ən sürətlə inkişaf edən bölgələrindən birinə çevriləcək: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın gücünü, iqtisadi imkanlarını və strateji baxışını nümayiş etdirir. Regionun aqrar potensialının yenidən dirçəldilməsi isə ölkənin uzunmüddətli inkişafına mühüm töhfə olacaq”.
Müxbir - Vüqar Qurbanoğlu