AZ

Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycana uzanan şərəfli yol ŞƏRH

Bakı, 28 may, AZƏRTAC

28 May Azərbaycan xalqının tarixində ən mühüm və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu tarixi hadisə Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik iradəsinin parlaq təzahürü idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin əsasını qoydu, müasir müstəqil Azərbaycanın siyasi və hüquqi təməlini formalaşdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm dövlət quruculuğu işlərini həyata keçirdi. Parlament yaradıldı, dövlət atributları qəbul edildi, milli ordu formalaşdırıldı, qadınlara seçki hüququ verildi və demokratik idarəetmə prinsipləri tətbiq olundu. Bu addımlar həmin dövr üçün təkcə regionda deyil, bütövlükdə Şərq dünyasında böyük yenilik idi.

“Lakin 1920-ci ildə Azərbaycanın müstəqilliyi süquta uğradı və ölkə sovet işğalına məruz qaldı. Buna baxmayaraq, xalqımızın müstəqillik arzusu heç vaxt sönmədi. XX əsrin sonlarında Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə siyasi böhran, iqtisadi çətinliklər və xarici təhdidlər hökm sürürdü. Belə bir mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyini xilas etdi və ölkənin inkişaf strategiyasını müəyyənləşdirdi.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi və beynəlxalq əlaqələr genişləndirildi. “Əsrin müqaviləsi”nin imzalanması ölkənin iqtisadi inkişafında yeni mərhələ açdı. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilməyə başladı”, - deyə Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük uğurlara imza atıb. Ölkəmizin iqtisadi gücü artıb, beynəlxalq nüfuzu yüksəlib, mühüm enerji və nəqliyyat layihələri həyata keçirilib. Azərbaycan artıq regional lider və etibarlı tərəfdaş kimi tanınır.

“Son illərin ən böyük tarixi nailiyyəti isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ölkəmiz öz tarixi ədalətini təmin etdi. Bu qələbə Azərbaycan xalqının milli birliyinin və gücünün təntənəsinə çevrildi.

Bu gün Azərbaycan təkcə siyasi və iqtisadi sahədə deyil, humanitar, mədəni və beynəlxalq əməkdaşlıq platformalarında da mühüm rol oynayır. Bakı şəhərində, azad etdiyimiz Qarabağımızda keçirilən beynəlxalq tədbirlər, forumlar və konfranslar ölkəmizin artan nüfuzunun göstəricisidir. Azərbaycanın bu gün dünyaya sərgilədiyi multikulturalizm modeli və tolerantlıq ənənələri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”, - deyə deputat vurğulayıb.

O deyib ki, 28 May – Müstəqillik Günü yalnız tarixi keçmişimizi xatırladan bayram deyil, həm də gələcəyə inamın, dövlətçiliyə sədaqətin və milli həmrəyliyin rəmzidir. Azərbaycan xalqı bu gün güclü dövlətə, qüdrətli orduya və müstəqil siyasi iradəyə sahibdir. Azərbaycan Xalq Cümhuriyyətinin idealları bu gün müstəqil Azərbaycan Respublikasında yaşayır və inkişaf edir.

Seçilən
23
azertag.az

1Mənbələr