AZ

Metyu Perrinin ölümünə səbəb olmaqda ittiham olunan köməkçisi həbs edilib

BAKI, 28 may. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında məhkəmə məşhur aktyor Metyu Perrinin şəxsi köməkçisi Kennet İvamasanı üç il beş ay müddətinə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, İvamasa aktyorun ölümünə səbəb olan narkotik maddənin alınması və ona yeridilməsində təqsirli bilinib.

Bildirilib ki, 61 yaşlı İvamasa həbs cəzası ilə yanaşı 10 min dollar məbləğində cərimə də ödəyəcək. O, 2022-ci ildən Perrinin şəxsi köməkçisi olub və aktyora dəfələrlə ketamin vurub. İstintaq müəyyən edib ki, 2023-cü ilin oktyabrında Perriyə vurulan ölümcül iynəni də məhz o edib.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, İvamasa 2024-cü ilin avqustunda ketaminin yayılması məqsədilə cinayət əlaqəsində iştirak etdiyini etiraf edib. O, bu iş üzrə təqsirləndirilən beşinci və sonuncu şəxs olub.

Məhkəmə prosesi çərçivəsində ən ağır cəza “Ketamin kraliçası” kimi tanınan Jasvin Sanqxaya verilib. O, narkotik maddənin qanunsuz tədarükünə görə 15 il müddətinə həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, 54 yaşında vəfat edən Metyu Perrinin cəsədi 2023-cü il oktyabrın 28-də Kaliforniyadakı evində tapılmışdı. O, daha çox “Dostlar” serialındakı Çendler Binq obrazı ilə yadda qalıb.

Toksikoloji ekspertizanın nəticələrinə görə, Peri ölümündən bir həftə əvvəl psixi pozuntuların müalicəsi üçün ketamin terapiyası alıb. Lakin onun orqanizmində aşkarlanan maddənin müalicə məqsədilə qəbul edilmədiyi müəyyən olunub.

Seçilən
83
teleqraf.com

1Mənbələr