AZ

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub

Azərbaycan  SİYASƏTAzərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO27.05.2026 [16:02]A+ A-

Moskva, 27 may, AZƏRTAC

Moskvada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbul keçirilib. Tədbirdə Rusiya dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun üzvləri, hərbi dairələrin təmsilçiləri, elm və mədəniyyət xadimləri, eləcə də Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunub. Qəbulda 600-ə yaxın qonaq iştirak edib. Onların arasında Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Xarici İşlər Nazirliyinin əməkdaşları, Dövlət Dumasının deputatları, Rusiya Federasiyasının subyektlərinin nümayəndələri, diplomatik missiyaların rəhbərləri, hərbi attaşelər, Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, elmi, təhsil və mədəni dairələrin təmsilçiləri, həmçinin Rusiyanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr də olublar.

Çıxış edən səfir Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışaraq vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin, parlamentarizmin və milli ordunun əsası məhz həmin dövrdə qoyulub.

Diplomat xatırladıb ki, təxminən otuz il ərzində Azərbaycan torpaqları işğal altında olub. O vurğulayıb ki, 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqla ordunun birliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Səfir Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

R.Mustafayev Azərbaycanın Cənubi Qafqaz, Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş fəal xarici siyasətindən, həmçinin sabitliyin və dialoqun təşviqi ilə bağlı irəli sürülən təşəbbüslərdən də danışıb.

“Qlobal qeyri-müəyyənliyin artdığı, son yüz ildə görünməmiş dəyişikliklərin baş verdiyi, köhnə dünya nizamının və aparıcı beynəlxalq təşkilatların böhran yaşadığı bir şəraitdə mövqeyimiz tam aydındır: qarşıdurma əvəzinə dialoq, münaqişə əvəzinə əməkdaşlıq, xaos əvəzinə sabitlik”, – deyə diplomatik missiyanın rəhbəri bildirib.

Səfir Azərbaycan-Rusiya münasibətlərinə də xüsusi toxunaraq qeyd edib ki, bu əlaqələr Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. O bildirib ki, siyasi dialoq, iqtisadi-ticari əlaqələr, nəqliyyat-logistika sahəsində əməkdaşlıq, eləcə də humanitar və təhsil sahələrində qarşılıqlı fəaliyyət dinamik şəkildə inkişaf edir.

R.Mustafayev bildirib ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər nazirinin Moskvaya, Rusiyanın müdafiə nazirinin isə Bakıya səfəri, həmçinin parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi nəzərdə tutulur.

Diplomatik missiyanın rəhbəri Rusiyadakı Azərbaycan icmasının roluna ayrıca toxunaraq onun ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edib.

“Biz bu icmanı ölkələrimizi və cəmiyyətlərimizi, iqtisadiyyatımızı, elmimizi və mədəniyyətimizi birləşdirən möhkəm və etibarlı körpü hesab edirik və Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk”, - deyə diplomat bildirib.

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin Bakı ilə Moskva arasında strateji tərəfdaşlıq prinsiplərinin formalaşmasındakı rolunu xatırladıb.

Rusiyalı diplomat qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasında siyasi dialoq fəal şəkildə inkişaf edir, iqtisadi əməkdaşlıq möhkəmlənir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət genişlənir. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Daha sonra Azərbaycanın Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Təhmazov çıxış edib. O, Azərbaycan Ordusunun formalaşma tarixindən danışaraq Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin modernləşdirilməsinə verdiyi töhfələrini vurğulayıb.

K.Təhmazov bildirib ki, müstəqillik illərində Azərbaycan Ordusu regionun ən döyüş qabiliyyətli ordularından birinə çevrilib və 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirərək ölkənin ərazi bütövlüyünün bərpasını təmin edib.

Hərbi attaşe Azərbaycan və Rusiyanın müdafiə qurumları arasında həm kadr hazırlığı, həm də hərbi-texniki sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu da qeyd edib.

Tədbirin sonunda qonaqlara Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işlərinə və Azərbaycan Silahlı Qüvvələrinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Təntənəli qəbul Azərbaycanın Əməkdar artisti Elnarə Məmmədovanın, gənc bəstəkar və ifaçı Azər Nəsibin, eləcə də “Buta Trio” xalq çalğı alətləri ansamblının iştirakı ilə təqdim olunan konsert proqramı ilə başa çatıb.

Seçilən
0
1
azerbaijan-news.az

2Mənbələr