Nasist Almaniyasının SSRİ-yə hücum etməsindən əvvəl müharibənin gedişatını dəyişdirə biləcək, ölkədə ordunun beyni adlandırılan yeganə şəxs İeronim Uboreviç olub. Adını eşidən kimi çoxları onun yəhudi mənşəli olduğunu düşünüb. Əslində, söhbət kəndli ailəsində anadan olan litvalı və əsl adı Jeronimas Uborevičiusdən gedir. Onun orduya gəlişi aşağıdan başlayıb.
Öncə Konstantinovski artilleriya məktəbi, sonra I dünya müharibəsi, Rumıniya cəbhəsi və baş leytenant rütbəsi. Hətta o zaman belə, gələcək general özünü sadəcə bir masa zabiti deyil, döyüş meydanında təcrübəçi kimi göstərib. Fevral inqilabından sonra əqidəsinə görə o, qırmızı qvardiyanın tərəfinə keçib. Uboreviç vətəndaş müharibəsi zamanı ağır haubitsa batareyasına, sonra diviziyaya komandanlıq edib. Şimalda onun bölmələri möhkəmlənməyə çalışan Amerika və Böyük Britaniya ordusunu məğlub edib.
Cənubda isə onun komandanlığı altındakı ordular Denikin və Vrangelə qarşı vuruşub. Yekaterinoslav, Mariupol, Berdyansk, Krivoy-Roq, Nikolaev, Odessa, Yekaterinodar, Novorossiysk kimi ərazilər onun əməliyyatlarının coğrafiyasına daxil olub. Bütün bunlar komandirin cəmi iyirmi yaşı olanda baş verib.
Lakin Uboreviçin karyerası qələbə ilə davam etməyib. 1920-ci ildə Kaxovka yaxınlığında onun qoşunları Vrangelin qüvvələri tərəfindən sarsıdıcı məğlubiyyətə uğrayıb. O, fəlakətin astanasında olub və eyiblərini örtmək üçün sərt cəza əməliyyatlarında iştirak edib.

Uboreviç Tuxaçevski ilə birlikdə Tambov üsyanının yatırılması və Belarusda kəndli üsyanlarına qarşı hərəkatlarda iştirak edib. Daha sonra isə Uzaq Şərqdə olub. Bu, təkcə müharibə üçün deyil, həm də sərt siyasət üçün bir məktəb olub.
1930-cu illərə qədər Uboreviç artıq ən yüksək eşelonda təmsil olunub. O, Moskva və sonra Belarus hərbi dairələrinin komandiri, Xalq Müdafiə Komissarlığı nəzdindəki hərbi şuranın üzvü və birinci dərəcəli ordu komandiri təyin edilib. Uboreviçin sonuncu təyinatı əslində ordu generalı rütbəsinə bərabər olub. Lakin onun üçün nüfuz hər şeydən üstün olub. O, Almaniya ordusu üzrə ən önəmli mütəxəssislərindən biri hesab olunub.
Stalinin əmri ilə o, Almaniyaya səfər edərək Reyxsveri, onun təşkili, təlimi və komandanlıq prinsiplərini öyrənib. O, qırmızı ordunun islahatı ilə bağlı bir çox ideyalarını alman təcrübəsini təqlid etməklə deyil, gələcək düşməni anlamaqla əsaslandırıb. Uboreviç komandirləri necə yetişdirməyi bilib. Gələcək generallar - Georgi Jukov, İvan Konev, Rodion Malinovski, Kirill Meretskov onun məktəblərindən və qərargahlarından keçiblər. Jukov sonralar onu güclü taktik və tələbkar mentor kimi təsvir edib.
Stalin onun qabiliyyətlərini o qədər yüksək qiymətləndirib ki, onu Kliment Voroşilova mümkün alternativ hesab edib. Xalq komissarının olmadığı müddətdə Uboreviç tez-tez onun vəzifələrini yerinə yetirib. O, marşal rütbəsinnin bir addımlığında qalıb. Bu vəzifə artıq bəzi şəxslər üçün qəbuledilməz olub və təbii ki, daxildə ona qarşı kampaniya aparılıb.

Onun islahatçı və ordunun vəziyyətini sərt tənqid edən Tuxaçevski ilə yaxınlaşması ölümcül olub. Hər ikisi problemlər barədə açıq danışıb, hərbi rəhbərliyi geridə qalmış hesab edib. Serqo Orconikidzenin müəmmalı ölümündən sonra siyasi tarazlıq kəskin şəkildə dəyişib. Stalin hərbi islahatçıları təhlükə kimi görüb.
1937-ci ildə Uboreviç partiyadan xaric edilərək vəzifələrindən uzaqlaşdırılıb və həbs edilib. Əvvəlcə o, ittihamları rədd etsə də, Xalq Daxili İşlər Komissarlığının əməkdaşları “fiziki məcburetmə metodlarından” istifadə edib. Nəticədə etiraflar ortaya çıxıb: guya sui-qəsd, Almaniya lehinə casusluq, sabotaj, terrorizm, trotskizm - o dövrün standart ölüm ittihamları. Hətta general 1936-cı ildə Belarusda uğursuz və həddindən artıq bahalı elan edilən böyük hərbi təlimlər keçirməkdə də günahlandırılıb.

Məhkəmədə onun son ifadəsi qısa olub. Cəzasının əvvəlcədən müəyyən edildiyini anlayan sınmış insan “cinayətlərini” etiraf edib, peşman olduğunu bildirib və əvvəlki xidmətinin nəzərə alınmasını xahiş edib. 12 iyun 1937-ci ildə İeronim Uboreviç Tuxaçevski işində digər təqsirləndirilən şəxslərlə birlikdə edam edilib. Şahidlər onun son anlarında sakitliyini - müharibədən keçmiş və ölümlə üzləşməyə öyrəşmiş bir insanın davranışını qeyd ediblər. Onun cəsədi Donskoy monastırının krematoriyasında kremasiya edilib. Həyat yoldaşı güllələnib, qızı isə uşaq evinə göndərilib - bu, “xalq düşməni”nin ailəsi üçün tipik bir aqibət olub.
Qırmızı ordu üçün bu, əhəmiyyəti yalnız sonradan tam olaraq dərk edilən bir itki olub. Müharibədən bir az əvvəl gələcək düşməni sistematik şəkildə öyrənən və yeni tip komandanlıq heyəti yetişdirən azsaylı hərbi liderlərdən biri SSRİ-də şəxsi intriqaların qurbanı olub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün